İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2014” sərgi-konfransında iştirak edir
Bakı, 8 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014” sərgi-konfransı öz işinə başlayıb. Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Qətərin Baş naziri Şeyx Abdullah bin Naser bin Xəlifə Al Tani, informasiya və kommunikasiya texnologiyaları naziri Hessa Sultan Əl-Cabir, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture və başqaları çıxış ediblər.
“ITU Telecom World 2014”-də Azərbaycanın 40-a yaxın yerli şirkətinin təmsil olunduğu xüsusi stend fəaliyyət göstərir. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri Azərbaycan stendi ilə tanış olublar. Nazir Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.
Dekabrın 10-dək davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyətinin müvafiq ölkələrin ayrı-ayrı qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.