İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti İranda səfərdə olacaq
Bakı, 29 iyul, AZƏRTAC
Avqustun 3-4-də iqtisadiyyat və sənaye naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olacaq.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar iyulun 29-da iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb. Görüşdə Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, İrana səfər edəcək Azərbaycan nümayəndə heyətinə İqtisadiyyat və Sənaye, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, SOCAR-ın, "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azərenerji" ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, Mərkəzi Bankın yüksək vəzifəli nümayəndələri və iş adamları daxildir. Səfər çərçivəsində Azərbaycan və İran arasında müxtəlif sahələrdə mövcud əlaqələr, əməkdaşlıq perspektivləri müzakirə ediləcək, bir sıra görüşlər keçiriləcək.