İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti İstanbulda EUROSAI-ın X konqresində iştirak edir
Bakı, 23 may, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İstanbulda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) X konqresində iştirak edir.
AZƏRTAC xəbər verir ki, konqresə 51 ölkəni təmsil edən nümayəndələr, o cümlədən 19 ölkənin ali audit qurumlarının təmsilçiləri də qatılıb. Üç gün davam edəcək tədbirdə dayanıqlı inkişafın təmin edilməsində audit qurumlarının rolundan danışılacaq.
Tədbirdə ali audit qurumlarının standartlarının tətbiqi, çətinliklər və təkmilləşmə üçün yollar əsas müzakirə mövzusu kimi müəyyənləşdirilib.
Azərbaycan nümayəndə heyəti konqresin açılışında, eləcə də plenar sessiyadan sonra bir sıra işçi toplantılarda iştirak edib. Nümayəndə heyəti səmərəlilik, ətraf mühit və informasiya texnologiyalarının auditləri, eləcə də digər qurumlarla əməkdaşlığa dair işçi toplantılarda fikir mübadiləsi aparıb.
V.Gülməmmədov qeyd edib ki, müzakirələr çərçivəsində ali audit qurumlarının qarşısında duran əsas vəzifələrdən biri iqtisadi, sosial, siyasi və humanitar sahədə Avropa məkanına daxil olan dövlətlərin qarşılaşdığı problemlərin həllinə özünün reaksiyası, həmçinin dayanıqlı inkişaf məqsədlərini nəzərə almaqla, dayanıqlı inkişafın təmin edilməsində ali audit qurumlarının artan roluna və uğurlarına xüsusi diqqət yetirilib.
Konqresin yekunu olaraq işçi qrupların, qurumun katibliyinin hesabatları, təşkilatın yeni büdcəsi və 2017-2023-cü illər üzrə strateji plana dair sənədlər qəbul edilib.
Qeyd edək ki, Hesablama Palatası 2002-ci ildən EUROSAI-ın üzvüdür və həmin təşkilatın müxtəlif işçi qruplarında təmsil olunur. EUROSAI-ın konqresi 3 ildən bir keçirilir.