İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Kanadada ICAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan nümayəndə heyəti Kanadada ICAO-nun Ümumdünya Aviasiya Forumu və sessiyasında iştirak edəcək
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 27-dən 2016-cı il oktyabrın 7-dək Monrealda (Kanada) Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Assambleyasının 39-cu sessiyası keçiriləcək.
Assambleyanın işində təşkilata üzv dövlətlərin nümayəndələri iştirak edəcək Mülki aviasiya fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatların nümayəndələri Assambleyada müşahidəçi statusunda iştirak edəcək.
ICAO Şurası tərəfindən təsdiq olunan Assambleyanın ilkin gündəliyinə təşkilatın fəaliyyəti ilə bağlı məsələlər, həmçinin beynəlxalq mülki aviasiyanın uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitə dair əsas mövqelərinin nəzərdən keçirilməsi daxildir.
Həmçinin, ICAO-nun Assambleyasının 39-cu sessiyasının açılışından bir gün öncə Monrealda ICAO-nun aviasiya məsələləri üzrə İkinci Ümumdünya Forumu (IWAF2016) keçiriləcək.
ICAO-ya üzv dövlətlərin hökumət rəsmiləri, eləcə də mülki aviasiya sahəsinin aparıcı sənaye və maliyyə tərəfdaşları forumda iştirak etmək üçün dəvət olunub. IWAF2016 forumunun məqsədi ehtiyacların müəyyənləşdirilməsi, “Heç bir ölkə diqqətdən kənar qalmayacaq” (NCLB) təşəbbüsünü dəstəkləmək üçün beynəlxalq mülki aviasiyanın aparıcı təcrübəsi və qlobal standartların tətbiqi tempini artırmaq məqsədilə lazım olan vəsait və maliyyələşmənin əldə olunması üçün şəraitin yaradılması və aviasiyanın davamlı inkişafı üçün kifayət qədər resursların təmin olunması sahəsində informasiya və dəyərli təcrübə mübadiləsindən ibarətdir.
Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ICAO-nun Assambleyasının işində və IWAF2016 forumunda iştirak etməyi planlaşdırır. Assambleyanın iclaslarında iştirak etməklə yanaşı, nümayəndə heyəti digər ölkələrin mülki aviasiya administrasiyalarının və bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.