SİYASƏT
Azərbaycan nümayəndə heyəti NATO PA-nın diqqətini Qərbin dövlətimizə münasibətdə ikili standartlarına cəlb edib
Budapeşt, 18 may, AZƏRTAC
Bu günlər Macarıstanın paytaxtında NATO Parlament Assambleyasının (PA) üçgünlük yaz sessiyası keçirilir. Sessiyada Şimali Atlantika Alyansının üzvü olan ölkələr ilə yanaşı, Alyansda assosiasiyalı üzv statusu olan ölkələrin nümayəndə heyətləri iştirak edirlər. Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətində deputatlar Səyavuş Novruzov, Tahir Süleymanov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev təmsil olunublar.
Sessiyada əsasən Alyansın genişlənməsi, Avratlantik təhlükəsizliyin Şərqdən təhdid olunmasına NATO-nun reaksiyası, terrorizmə qarşı mübarizə məsələləri müzakirə olunub.
Azərbaycan deputatları Latviya parlamentinin deputatı Oyars Eriks Kalnınış tərəfindən təqdim olunan “Rusiya və Avratlantik təhlükəsizliyi” mövzusunda məruzə layihəsinin müzakirəsində fəal iştirak ediblər. Ziyafət Əsgərov Azərbaycan ərazilərinin 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu və ermənilərin Xocalıda törətdikləri soyqırımını xatırladaraq, xarici həmkarlarının diqqətini erməni işğalçılarının Azərbaycan ərazilərindən narkotiklərin istehsalı və tranziti üçün istifadə etmələrinə, habelə Azərbaycanın mülki şəxslərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ələ keçirilməsinə və girov saxlanmasına cəlb edərək bildirib ki, bu, beynəlxalq humanitar hüququn son dərəcə kobud şəkildə pozulması deməkdir.
Natiq xüsusi vurğulayıb ki, ölkəmiz BMT-yə və digər beynəlxalq qurumlara Ermənistan tərəfindən işğal edilmiş əraziləri ilə birlikdə qəbul edilib. Bu da həmin ərazilərin Azərbaycanın tərkib hissəsi olması faktını bir daha təsdiq edir. O bildirib ki, separatizm nəticəsində suveren dövlətlərin ərazilərində təkcə beynəlxalq hüquq prinsipləri, o cümlədən ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri pozulmur, eyni zamanda, başqa dövlətlərin ərazilərində oxşar separatçı ocaqların yaranmasına şərait yaranır.
Z.Əsgərov bunu Azərbaycanın nümunəsində əsaslandıraraq deyib ki, aqressiv separatizm qaçqın və məcburi köçkünlər ordusu yaradır, separatçı rejimlər isə terrorçu qruplaşmalar üçün fəaliyyət bazasına çevrilir. Z.Əsgərov deyib: “Ermənistanın Azərbaycana təcavüzü başlayandan etibarən erməni cinayətkar qruplaşmaları tərəfindən ölkəmizdə 32 terror aktı törədilib. Həmin terror aktları nəticəsində 2 min nəfər həlak olub, onlarca insan yaralanıb. Xalqımıza qarşı terror aktları avtobuslarda, metroda, qatar və gəmilərdə törədilib.
Ötən il Azərbaycan nümayəndə heyətinin BMT Baş Məclisində Ermənistandan fərqli olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin lehinə səs verdiyini xatırladan Z.Əsgərov haqlı olaraq Azərbaycana münasibətdə açıq-aşkar ikili standartlar siyasətinin yürüdülməsinə təəssüflənib. Z.Əsgərov BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin (1993-cü il), AŞPA-nın 1416 nömrəli qətnaməsinin, Avropa Parlamentinin iki qətnaməsinin (2010 və 2012-ci illər) Ermənistan tərəfindən yerinə yetirilmədiyini də xatırladaraq, avropalı həmkarlarına “Nə üçün Ermənistana qarşı heç bir sanksiya yoxdur? Bəs, Avropa ədaləti haradadır?” sualları ilə müraciət edib.
Azərbaycanlı natiqin təkzibolunmaz dəlilləri qarşısında nokaut vəziyyətinə düşən Ermənistan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə dair danışıqlarda Azərbaycanı “qeyri-konstruktiv” mövqedə ittiham edərək, ölkəsinin simasını xilas etməyə cəhd göstərib. Lakin assambleya iştirakçıları Ermənistan nümayəndə heyətinin cəfəng dəlillərini anlayışla qarşılamayıblar. Ermənistan nümayəndə heyətinin rəhbəri saxta “sülhməramlılıq” nümayiş etdirməyə çalışaraq, azərbaycanlı həmkarları iyunun 18-20-də Yerevana NATO-nun “Rouz-Roud” seminarına dəvət edib. Z.Əsgərov isə ona Ermənistan idmançılarını həqiqətən beynəlxalq sülh tədbiri olan birinci Avropa Oyunlarına dəvət etməklə cavab verib.
NATO PA-nın seminarı mayın 18-də başa çatır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt