İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Pekində “Bir kəmər - bir yol” forumunda iştirak edəcək YENİLƏNİB

Pekin, 12 may, AZƏRTAC

Mayın 14-15-də Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində “Bir kəmər- bir yol” təşəbbüsü çərçivəsində yüksək səviyyəli forum keçiriləcək. Tədbirdə 29 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.

Forumda Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin başçılığı ilə geniş nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, habelə bir neçə dövlət qurumunun məsul şəxsləri daxildir.

Azərbaycan nümayəndə heyətinin üzvləri forumun müxtəlif panel iclaslarında iştirak edərək, ölkəmizin iqtisadi inkişafı, müxtəlif istiqamətlər üzrə qazanılan uğurlar, əlverişli coğrafi mövqeyi və nəqliyyat-logistika imkanları ilə “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığa verdiyi və verə biləcəyi daha böyük töhfələr barədə danışacaqlar. Bundan başqa, nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərə tutulub.

Xatırladaq ki, ÇXR sədri Si Cinpin bu ilin yanvarında Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı ilk dəfə “Bir kəmər - bir yol” forumu barədə açıqlama vermişdi. Çin “Bir kəmər - bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: “İpək Yolu İqtisadi Kəməri” və “Dəniz İpək Yolu”. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir.

Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.