SİYASƏT
Azərbaycan nümayəndə heyəti Polşada səfərdə olub
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 5-6-da Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə ölkəmizin iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi, kənd təsərrüfatı və dəmir yolu sahələri üzrə səlahiyyətli dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Polşa Respublikasında səfərdə olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı Xələf Xələfovun Polşa Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşanın müvafiq qurumlarında görüşləri keçirilib.
Görüşlərdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da iştirak edib.