İQTİSADİYYAT


Azərbaycan nümayəndə heyəti Qərbi Afrika bazarlarına neft məhsullarının təchizatını müzakirə edir

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina-Faso və Benin Respublikası hökumətlərinin dəvəti ilə bu ölkələrdə rəsmi səfərdədir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanla adıçəkilən Qərbi Afrika ölkələrinin yanacaq-enerji kompleksləri arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı iqtisadı əməkdaşlığın təmin edilməsi məsələləri müzakirə olunur.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev, “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimovun daxil olduğu nümayəndə heyəti noyabrın 13-də Burkina-Fasonun Prezidenti Roç Mark Kristian Kabore tərəfindən qəbul edilib. Xarici işlər və energetika nazirlərinin də iştirak etdiyi görüşdə ikitərəfli münasibətlərin inkişafı diqqət mərkəzində olub və səfərin bu sahədə mühüm rol oynadığı vurğulanıb.

Noyabrın 14-də bu ölkənin Baş naziri Paul Kaba Tieba ilə keçirilən görüşdə SOCAR və Burkina-Fasonun “SONABHY” dövlət neft şirkəti arasında əməkdaşlığa dair konkret layihələr, bu ölkəyə neft məhsullarının tədarükü, qonşu Benin Respublikasının Kotonu limanında SOCAR tərəfindən terminalın inşası və bir sıra infrastruktur layihələri müzakirə olunub. Müzakirələrdə “SOCAR Trading” şirkətinin rəhbər şəxslərindən Jean-François Piacentini və Alexandre Asso da iştirak ediblər.

Noyabrın 15-də isə nümayəndə heyətinin Benin Respublikasının Kotonu şəhərində energetika, su ehtiyatları və mədən sənayesi naziri, maliyyə naziri, xarici işlər naziri və bu ölkənin “SONACOP” dövlət neft şirkətinin rəhbər şəxsləri ilə işgüzar görüşləri planlaşdırılır.

Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlərdə Qərbi Afrika bazarlarına neft və neft məhsulları təchizatının artırılması və digər enerji layihələrinin həyata keçirilməsi, bu regionda Azərbaycanın siyasi nüfuzunun və SOCAR-ın kommersiya fəallığının artırılması üçün geniş perspektivlərin olması yekdil şəkildə vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.