CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti Rusiya prokurorluğunun yubiley tədbirlərində iştirak edib
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun 295 illik yubiley tədbirlərində iştirak etmək üçün bu ölkənin baş prokuroru Yuri Çaykanın dəvəti ilə Moskvada səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Rusiyanın baş prokuroru Yuri Çayka ilə görüşərək ona azərbaycanlı həmkarının yubiley münasibətilə təbrikini çatdırıb. Görüşdə iki ölkə arasında zəngin tarixə malik və ildən-ilə daha da genişlənən münasibətlər diqqətə çatdırılıb, hüquqi sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyəti Dövlət Kreml Sarayında keçirilmiş təntənəli yubiley mərasimində iştirak edib.
Tədbirdə Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev çıxış edərək Rusiya Prokurorluğunun əməkdaşlarına peşə bayramı münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Çin, İsrail, İtaliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və digər ölkələrin mərasimdə iştirak edən təmsilçiləri, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər vəzifəli şəxsləri, MDB iştirakçı dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi ilə işgüzar görüşlər keçirib. Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə də görüşü olub.