İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Strasburqda MONEYVAL-ın 40-cı plenar iclasında iştirak etmişdir
Bakı, 7 dekabr (AZƏRTAC). Strasburqda Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 40-cı plenar iclası keçirilmişdir.
İclasda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan nümayəndə heyəti MONEYVAL-ın cari ilin martında keçirilmiş son plenar iclasından ötən dövrdə ölkədə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlər barədə məlumat vermişdir. Məruzə çərçivəsində PY/TMM ilə bağlı siyasət, qanunvericilik və institusional quruculuq istiqamətində baş vermiş inkişaf haqqında təfərrüatlar diqqətə çatdırılmışdır.
Plenar iclas zamanı Serbiya, Ukrayna, Bosniya və Herseqovinanın II mərhələ tərəqqi hesabatları, Makedoniya, Moldova, Litva və s. ölkələrin isə IV mərhələ birgə qiymətləndirmə hesabatları dinlənilmişdir.
İclasda, həmçinin 2013-cü il üçün MONEYVAL çərçivəsində həyata keçiriləcək qiymətləndirmə və görüşlərin gündəliyi də qəbul olunmuşdur.