İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Tbilisidə Ümumdünya Gömrük Təşkilatının konfransında iştirak edir
Tbilisi, 7 iyun, AZƏRTAC
İyunun 7-də Tbilisi şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları üzrə beynəlxalq konfransı keçirilir.
Üç gün davam edəcək konfrans çərçivəsində sərgi də açılıb.
Konfrans-sərgidə Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Gürcüstan Baş nazirinin müavini, maliyyə naziri Dmitri Kumsişvili ölkəsində gömrük sisteminin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığı barədə məlumat verib.
Maliyyə nazirinin birinci müavini, Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri Georgi Tabuaşvili isə dövlət gəlirlərinin əldə olunmasında gömrük xidmətinin rolundan danışıb. Gürcüstanın və Azərbaycanın gömrük xidmətləri arasında gömrük prosedurlarının sadələşdirilməsi üzrə həyata keçirilən innovasiya layihələrinin, o cümlədən iki gömrük orqanı arasında ilkin məlumat mübadiləsinin təşkili layihəsinin əhəmiyyətini xüsusi qeyd edib.
O, eyni zamanda, GUAM çərçivəsində nəqliyyat və ticarətə yardımla bağlı həyata keçirilən layihələr haqqında məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
ÜGT-nin baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin nümayəndəsi Jong-Vuo Lee tədbirdə çıxış edib, dünya gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Məruzəçilər ÜGT-nin IT Konfransının keçirilməsinin əhəmiyyətini və bu gün gömrük xidmətində informasiya texnologiyalarının rolunu xüsusi qeyd ediblər.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti rəhbərinin ÜGT-nin baş katibi, Qazaxıstan Gəlirlər Xidmətinin rəhbərliyi və Beynəlxalq Avtomobil Daşımaları Təşkilatının (IRU) sədri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.
Konfrans işini davam etdirir.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə müsahibəsində deyib ki, bugünkü tədbirdə əsasən sərhəd xidmətində qabaqlayıcı tədbirlərin, elektron məlumat mübadiləsinin həyata keçirilməsi qaydaları sahəsində yeniliklər müzakirə olunur.
A.Əliyevin sözlərinə görə, Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Bu da beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi