İQTİSADİYYAT
Azərbaycan nümayəndə heyəti Ümumdünya Poçt İttifaqının Konqresi çərçivəsində keçirilən Nazirlər Konfransında iştirak edib
İstanbul, 4 oktyabr, AZƏRTAC
İstanbulda keçirilən Ümumdünya Poçt İttifaqının 26-cı Konqresi çərçivəsində təşkil olunan Nazirlər Konfransında Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sentyabrın 20-dən fəaliyyətə başlayan Konqresdə 169 ölkədən 2500 nəfərdən çox nümayəndə qatılıb.
Nazirlər Konfransının açılışında Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxış edib.
Konfransın “Ticarətin təşviqi və inkişafında poçtun rolu” mövzusunda keçirilən sessiyasında rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edərək bu sahədə ölkəmizdə həyata keçirilən islahatlar, reallaşdırılan və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.
Konfrans çərçivəsində nazir Ramil Quluzadə türkiyəli həmkarı Əhməd Arslan ilə görüşüb. Görüşdə iki qardaş ölkə arasında peyk rabitəsi, poçt, telekommunikasiya və genişzolaqlı internet infrastrukturu sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul