SİYASƏT
Azərbaycan nümayəndə heyəti ilə İzmit Bələdiyyəsində görüş keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı faciəsinin 25-ci ildönümü tədbirlərində iştirak etmək üçün Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev İzmit bələdiyyəsinin sədr müavini İbrahim Bulutla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyə Azərbaycan Dərnəklər Federasiyasının (TADEF) sədri, Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evinin rəhbəri Bilal Dündar və İdarə Heyətinin üzvləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, yazıçı Sabir Rüstəmxanlı iştirak ediblər.
Görüşdə ikitərəfli maraq kəsb edən məsələlər ətrafında geniş müzakirələr aparılıb. V. Hacıyev İzmit bələdiyyəsinə Kocaelidə fəaliyyət göstərən TADEF-ə, burada təhsil alan azərbaycanlı tələbələrə göstərdiyi qayğıya, o cümlədən 2015-ci ildə Xocalıda qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin inşası və açılış mərasimində iştirak etdiyinə görə minnətdarlığını bildirib. V.Hacıyev Dövlət Komitəsi ilə İzmit bələdiyyəsinin Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasının, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə ilə bağlı birgə layihələrin həyata keçirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini qeyd edib.
İ.Bulut Azərbaycan nümayəndə heyətini Kocaelidə görməkdən məmnun olduğunu deyib, əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.