MƏDƏNİYYƏT
Azərbaycan nümayəndə heyəti növbəti dəfə Beynəlxalq Angin Festivalında iştirak edib
Tokio, 10 avqust, AZƏRTAC.
Avqustun 10-da Yaponiyanın İto şəhərində təşkil edilən 70-ci Beynəlxalq Angin Festivalının əsas mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Beynəlxalq Angin Festivalı Yaponiya ilə Böyük Britaniya, Niderland, ABŞ və Meksika arasında dənizçilik əlaqələrinin qurulmasında mühüm rol oynamış ingilis dənizçisi və səyyahı Vilyam Adamsın şərəfinə təşkil edilir. Yaponiyada Miura Angin adı ilə tanınan V.Adamsın Avropa nümunəsi əsasında inşa etdiyi gəmilərlə yaponlar ilk dəfə ABŞ və Meksika sahillərinə səyahət ediblər.
Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında dostluq mübadiləsi haqqında imzalanmış sazişə əsasən, bu il növbəti dəfə Azərbaycan nümayəndə heyəti ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayilzadənin rəhbərliyi ilə festivalda iştirak edib. Nümayəndə heyətinə İsmayıllı rayonundan “Homstay” proqramı ilə İtoya qonaq gəlmiş bir müəllim və iki məktəbli daxil edilib.
Festivalın açılışında çıxış edən İto şəhərinin meri Hiromi Tsukuda, şəhər parlamentinin sədri Nişimura Akira festival iştirakçılarını salamlayıblar. Vurğulanıb ki, Beynəlxalq Angin Festivalı Yaponiya ilə dostluq əlaqələrində olan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlığın, səmimi münasibətlərin daha da möhkəmlənməsində, onların həm yapon xalqının, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini öyrənməsində mühüm əhəmiyyət kəsb edir.
Mərasim iştirakçıları təmsil etdikləri ölkələrin adından V.Adamsın səhnədə qoyulmuş portreti önünə gül çələngi düzüblər.
Bədii proqramla davam edən festival atəşfəşanlıqla başa çatıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio