SİYASƏT
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-nın baş katibinə azərbaycanlı girovlarla bağlı müraciət edib
Strasburq, 30 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Avropa Şurasının baş katibi Torbyörn Yaqland çıxış edib və ənənəvi olaraq avropalı deputatların ünvanladığı sualları cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva baş katibə müraciət edərək azərbaycanlı girovların azad olunması üçün addımlar atmağa çağırıb. O deyib: “Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan separatçı rejim tərəfindən bir neçə ay əvvəl girov götürülən azərbaycanlılara - məcburi köçkünlər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normalardan və insanlıqdan kənar əməllər həyata keçirilib. Ermənilər Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı saxta məhkəmələr quraraq onları hələ də girov saxlayır, azərbaycanlı girovlara əziyyət və işgəncələr verməkdə davam edirlər. Onların ailələri sizdən dəstək gözləyir. Azərbaycanlıların girovluqdan azad edilməsi üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və ya atmağı planlaşdırırsınız?”.
Baş katib isə vəziyyətin gərginliyini vurğulayaraq suala belə cavab verib: “Avropa Şurası indiyə kimi bu münaqişənin həllində heç bir rol oynamayıb. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Amma AŞPA-nın Avropada insan hüquqlarının vəziyyətinə dair qəbul etdiyi son hesabatda deyilir ki, biz dondurulmuş münaqişələr olan bölgələrdə öz alətlərimizi işlədə bilmirik. İnsan hüquqlarının qorunması baxımından bu, bir növ qara dəliklərdir. Biz indi düşünürük ki, bu konkret məsələ ilə bağlı necə fəaliyyət göstərə bilərik, hansı töhfələrimizi verə bilərik. Hələlik heç nə edə bilmirik. Biz praktiki baxımdan nələr edə bilərik? Biz bu sahədə yalnız insan hüquqlarını qorumalıyıq. Amma burada münaqişə olduğundan bu, çox həssas bir məsələdir. Mən yenə də əvvəlki kimi Konvensiyamızın dondurulmuş münaqişələrin mövcud olduğu bölgələrdə tətbiq oluna bilməməsinə təkidlə qarşı çıxıram. Avropada, o cümlədən Dnestryanı bölgədə, Dağlıq Qarabağda hamı bizim insan hüquqları üzrə Avropa Konvensiyamızla və digər müvafiq beynəlxalq sənədlərlə qorunmalıdır.”
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq