CƏMİYYƏT
Azərbaycan nümayəndələri Beynəlxalq Rabitə Akademiyasının fəxri üzvü oldular
Bakı, 18 sentyabr (AZƏRTAC). Beynəlxalq Rabitə Akademiyası (BRA) rəyasət heyətinin qərarına əsasən, Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayaz Bayramov və Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov BRA-nın fəxri akademiki adına layiq görülüblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib, bu fəxri ada qurumun inkişafına əhəmiyyətli töhfə vermiş şəxslər layiq görülürlər. Akademiklər BRA-nın tədbirlərində, layihə və proqramlarının hazırlanmasında iştirak edə bilərlər. Onlara akademiyanın elmi, informasiya və metodiki tədqiqatlarından istifadə imkanları yaradılır. Akademiklər də BRA-nın qarşısında duran bütün məqsədlərin və məsələlərin həllinə dəstək olmalıdırlar.
Qeyd edək ki, Beynəlxalq Rabitə Akademiyasının qərargahı Moskvada yerləşir. Akademiyanın 30 ölkəni təmsil edən min nəfər həqiqi üzvü var.