CƏMİYYƏT
Azərbaycan nümayəndələri Kuala Lumpurda korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq seminarda iştirak ediblər
Tokio, 22 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Kuala Lumpurda yerləşən Malayziya Antikorrupsiya Akademiyasında (MACA) avqustun 8-dən 19-dək “Korrupsiyaya qarşı mübarizə proqramının strateji idarəetməsi üzrə sertifikat” mövzusunda təşkil edilən seminarda Azərbaycan ilk dəfə təmsil olunub.
Həmin beynəlxalq tədbirdə Ağdaş rayon prokuroru vəzifəsini icra edən Ramin Hüseynov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilatı və İnformasiya İdarəsinin prokuroru Vüqar Əhmədli iştirak ediblər.
Azərbaycan nümayəndələrinin tədbirdə iştirakı 2016-cı il fevralın 4-də Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin Malayziyaya səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası (MACC) arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun və hər iki ölkənin aidiyyəti qurumları arasında yaranmış əməkdaşlığın məntiqi davamıdır.
Vüqar Əhmədli və Ramin Hüseynov tədbir çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, ölkəmizin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığı mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanın MACC ilə əməkdaşlığının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Malayziyada olduqları müddətdə Malayziya Antikorrupsiya Komissiyasının nəzdində fəaliyyət göstərən “MACC FM” radiosunun studiyasında olan həmyerlilərimiz təmsil etdikləri qurumun fəaliyyəti və Azərbaycan haqqında malayziyalı dinləyiciləri ətraflı məlumatlandırıblar.
İki həftə davam etmiş seminarın sonuncu günündə proqram çərçivəsində aktiv fəaliyyətlərinə və ölkə üzrə yüksək səviyyəli təqdimata görə Vüqar Əhmədliyə və Ramin Hüseynova xüsusi fərqlənmə sertifikatı təqdim olunub.
Seminarda dünyanın 20-dən çox ölkəsindən prokurorluq orqanları, antikorrupsiya qurumları və Ombudsman aparatlarından nümayəndələr iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio