İQTİSADİYYAT
Azərbaycan nümayəndəsi Kişineuda keçirilmiş miqrasiya statistikasına dair seminarda iştirak edib
Bakı, 19 sentyabr (AZƏRTAC). Dövlət Statistika Komitəsinin (DSK) nümayəndəsi Xalıq Nəsibov Kişineuda təşkil edilmiş miqrasiya statistikasına dair seminarda və işçi sessiyada iştirak edib.
DSK-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Moldovanın Milli Statistika Bürosunun tərəfdaşlığı ilə BMT-nin Avropa İqtisadi Komissiyası və Avrostat (Avropa statistika orqanı) tərəfindən Avropa Statistikləri Konfransının iş proqramına uyğun təşkil edilib.
Seminarın əsas məqsədi Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində miqrasiya statistikası ilə əlaqədar məlumatların əldə olunması, işlənməsi və yayılması üçün istifadə edilən metod və texnologiyalara dair təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Seminarda MDB ölkələrinin, həmçinin Gürcüstan, Litva və İtaliya statistika orqanlarının mütəxəssisləri də iştirak ediblər.