İQTİSADİYYAT
Azərbaycan nümayəndəsi Tbilisidə keçirilən konfransda təqdimatla çıxış edib
Tbilisi, 4 may, AZƏRTAC
Mayın 4-də Tbilisidə ikili təyinatlı malların ixracına nəzarət, bu sahədə qanunvericilik və sistemin iş prinsipləri mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Tədbir ABŞ Dövlət Departamentinin ixraca nəzarət proqramı çərçivəsində Dövlət Departamenti və Enerji Departamenti tərəfindən birgə təşkil olunub.
Konfransda ikili təyinatlı, eləcə də, hərbi təyinatlı malların ixracına nəzarət, bu sahədə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi, qanunvericilik və digər məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar, İqtisadiyyat, Energetika və Müdafiə Sənayesi nazirliklərinin məsul əməkdaşları iştirak edirlər.
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə jurnalistlərə müsahibəsində bildirib ki, bu tədbir Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. O deyib: “Bu tədbirdə Azərbaycanda, ABŞ və Gürcüstanda ikili təyinatlı mallar haqqında görülmüş işlər, ixrac nəzarətinə düşən və hərbi təyinatlı mallara ixrac nəzarəti sisteminin tətbiqi, gömrük sistemində tətbiq olunan nəzarət mexanizmləri müzakirə olunub, ölkələr arasında təcrübə mübadiləsi aparılıb. Düşünürəm ki, gələcəkdə bu təcrübədən faydalanmaq lazımdır. İkili təyinatlı malların ixracına nəzarət, son istifadəçinin təyin olunması, lisenziyaların verilməsi sahəsində çoxlu işlər görülməlidir. Ona görə də bu cür tədbirlər olduqca vacibdir”.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ixraca nəzarət və dövlət təhlükəsizliyi proqramının əlaqələndiricisi Sabir Əliisgəndərov isə deyib ki, tədbirdə Azərbaycanın, Gürcüstanın müvafiq dövlət strukturlarının və ABŞ-ın İxraca Nəzarət Departamentinin əməkdaşları çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüb təcrübələrini paylaşırlar. İkili və müdafiə təyinatlı malların ixracına nəzarət, qloballaşan dünyada təhlükəsizlik məsələləri bu gün bütün dövlətləri ciddi narahat edir. ABŞ, Azərbaycan və Gürcüstan da bu sahədə əməkdaşlıq etmək barədə qərar qəbul ediblər. Tədbirdə bu əməkdaşlığın perspektivləri, görüləcək işlər müzakirə olunub.
Mayın 5-də işini davam etdirəcək tədbir çərçivəsində Azərbaycanın və Gürcüstanın nümayəndələri təqdimatla çıxış edəcəklər. Qonşu dövlətlərin bu sahədə əməkdaşlığı, ABŞ-ın təcrübəsinin öyrənilməsi diqqət mərkəzində olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi