CƏMİYYƏT
Azərbaycan ombudsmanı Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova noyabrın 24-25-də Pakistanın İslamabad şəhərində Asiya Ombudsmanlar Assosiasiyasının “Ombudsman fəaliyyətinin problemləri” mövzusunda 14-cü konfransında və Direktorlar Şurasının iclasında iştirak edib. O, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirin plenar iclaslarında “Layiqli idarəetmə standartlarının inkişafında ombudsmanın rolu”, “Məxfilik şəffaflığa qarşı”, “Ombudsmanın effektiv və professional fəaliyyəti” və digər mövzularda məruzələr dinlənilib.
Konfransda ombudsman E.Süleymanova “İnsan hüquqlarının təşviqi və müdafiəsinə dair strateji yanaşma” mövzusunda çıxış edib. Müvəkkil ölkədə aparılan hüquqi islahatlar, həyata keçirilən strategiyalar və dövlət proqramları barədə danışıb, bütün bunların insan hüquqlarının təmin olunmasına böyük imkanlar açdığını söyləyib. Ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı, eyni zamanda, 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının mühüm müddəaları da iştirakçıların diqqətinə çatdırılıb.
E.Süleymanova BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilmiş və özündə 17 məqsədi birləşdirən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədləri haqqında da məlumat verib.
Tədbirdə növbəti iki il üçün Asiya Ombudsmanlar Assosiasiyasının Direktorlar Şurasının seçkisi keçirilib. Pakistanın federal ombudsmanı Salman Faruki Asiya Ombudsmanlar Assosiasiyasının prezidenti, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova isə Assosiasiyanın vitse-prezidenti seçiliblər.
Dünya birliyi və hüquqi baxımdan tanınmayan dövlətlərin Asiya Ombudsmanlar Assosiasiyasının üzvlüyünə qəbul edilməsinin yolverilməzliyi məsələsi də Direktorlar Şurasının iclasında səslənib. E.Süleymanova heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan, Azərbaycanın əzəli torpaqlarının işğalı nəticəsində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” kimi separatçı qurumların bu qəbildən olduğunu vurğulayıb, bütün iştirakçıları belə separatçı qüvvələrlə əməkdaşlıq etməməyə çağırıb.
Pakistan Prezidenti Məmnun Hüseyn öz iqamətgahında konfrans iştirakçılarını qəbul edib. Minnətdarlıq əlaməti olaraq, konfrans iştirakçıları adından Assosiasiyanın xatirə hədiyyəsini Məmnun Hüseynə təqdim etmək Azərbaycan ombudsmanına həvalə olunub.
Müvəkkil və digər iştirakçılar konfrans çərçivəsində Pakistan Federal Ombudsmanı İnstitutunun fəaliyyəti ilə tanış olub, Assosiasiya Katibliyinin açılışında iştirak ediblər.