CƏMİYYƏT


Azərbaycan ombudsmanı Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak edib

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Avstriyanın paytaxtı Vyana şəhərində Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, müxtəlif ölkələrin dövlət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdikləri tədbirdə enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, qadın hüquqları və gender bərabərliyinin təmini və digər mövzularda fikir mübadiləsi aparılıb.

Elmira Süleymanova Forumda qaçqın və miqrantların problemləri, habelə qadın hüquqları və gender bərabərliyinin təmini mövzularında müzakirələr zamanı çıxış edib.

Müvəkkil qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin təşkili, eyni zamanda, Azərbaycanda məcburi köçkünlərin vəziyyəti, sosial təminatı və mövcud problemləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. E.Süleymanova Azərbaycan Respublikasının hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşdiyini, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların öz yurdlarından didərgin salındığını, nəticədə bir milyondan çox qaçqın və məcburi köçkünün ölkə ərazisində məskunlaşdığını, sürətli iqtisadi inkişafı sayəsində Azərbaycanın üçüncü ölkələrdən gələn çoxsaylı miqrantlar üçün hədəf ölkəsinə çevrildiyini bildirib.

E.Süleymanova miqrantların ölkə vətəndaşları ilə eyni sosial, mədəni və əmək hüquqlarına malik olmasını nəzərə alaraq, bu hüquqların hərtərəfli həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması və digər beynəlxalq sənədlərlə yanaşı, bu il qəbul olunmasının 50 illiyi qeyd edilən “Vətəndaşlıq və siyasi hüquqlar haqqında beynəlxalq pakt” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında pakt”da da təsbit olunan ayrı-seçkiliyə yol verilməməsi prinsipi üzərinə sistemli preventiv tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, miqrantların müdafiəsi və cəmiyyətə inteqrasiyası, təhlükəsizliyin təmin edilməsi, habelə miqrantlarla bağlı dəqiqləşdirmənin aparılması üçün məlumat bazasının yaradılması, bununla əlaqədar ümumi birgə fəaliyyət planının tərtib olunması və görüləcək tədbirlərin müəyyən edilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin inkişafı və dövlət orqanlarının vahid şəbəkə infrastrukturunun yaradılmasının zəruriliyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.