CƏMİYYƏT


Azərbaycan ombudsmanı beynəlxalq  Forumda iştirak edib

Bakı, 8 iyul, AZƏRTAC 

İspaniyanın Barselona şəhərində Krans Montana Forumunun 28-ci illik sessiyası keçirilib. Tədbirdə müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər. Onların arasında dövlət başçıları, parlament üzvləri, o cümlədən BMT, Avropa İttifaqı, ATƏT və digər nüfuzlu qurumların nümayəndələri də olublar.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Aparatın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova da iştirak ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir dünyanın gələcəkdə yeni idarəetməsində sabitlik strategiyaları, habelə bu istiqamətdə əməkdaşlıq perspektivləri məsələlərinə həsr edilib.

Elmira Süleymanova miqrasiya məsələlərinə həsr edilmiş plenar sessiyada məruzə ilə çıxış edib. Məruzədə müstəqillik illərində ölkəmizin iqtisadi-sosial inkişafından söhbət açılıb. Bildirilib ki, aparılan düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində Azərbaycanda yoxsulluq və işsizliyin səviyyəsi kəskin şəkildə aşağı düşüb, əhalinin yaşayış səviyyəsi yüksəlib, qeyri-neft sektoru inkişaf edib. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyən ombudsman ölkəmizin ilk Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 yarışlarına və digər mötəbər tədbirlərə uğurla ev sahibliyi etdiyini deyib.

Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan müvəkkil müxtəlif əhali qruplarının, o cümlədən də qaçqın, məcburi köçkün və miqrantların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən danışıb.

Müvəkkil iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi təxribatdan da danışıb. Bildirilib ki, mülki əhalinin yaşadığı ərazilərin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak olub, Səlminaz Quliyeva ağır yaralanıb və mülki obyektlərə ciddi ziyan dəyib.

Müvəkkil insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Qətlə yetirilmiş iki yaşlı Zəhranın və onun nənəsinin fotoları əlavə edilmiş Azərbaycan ombudsmanının bəyanatı toplantı iştirakçılarına paylanılıb, həmçinin KİV-lərə təqdim olunub.

Tədbir çərçivəsində müvəkkil qadın hüquqları və gender bərabərliyi mövzusuna həsr edilmiş sessiyada çıxış edərək, bu sahədə ölkəmizin müsbət təcrübəsi barədə məlumat verib.

Forum çərçivəsində bir sıra görüşlər keçirilib, əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Sonda Krans Montana Forumunun bir neçə iştirakçısına qızıl medallar və sertifikatlar təqdim olunub. Mükafatlandırılanlar arasında Türkdilli Ölkələrin Əlaqələndirmə Şurasının baş katibi Ramil Həsənov da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.