CƏMİYYƏT
Azərbaycan onkoloqları Soçidə süd vəzisi xərçənginin diaqnostikasında problemləri müzakirə edəcəklər
Bakı, 27 avqust, AZƏRTAC
Sentyabrın 3-dən 5-dək Soçidə Rusiya Onkomammaloqlar Cəmiyyətinin ikinci "Süd vəzi xərçənginin diaqnostikasında və müalicəsində innovasiyalar" adlı illik konqresi keçiriləcək. Tədbirdə Rusiyanın 50 regionunun, eləcə də Azərbaycan, ABŞ, Finlandiya, Ukrayna, Belarus, Qazaxıstan və Özbəkistanın onkoloqları iştirak edəcəklər.
AZƏRTAC xəbər verir ki, 500-dən çox mütəxəssis süd vəzisi xərçənginin müalicəsi və diaqnostikasında problemləri, eləcə də ən son nailiyyətləri müzakirə edəcəklər. Konqres çərçivəsində məruzə müsabiqəsinin keçirilməsi planlaşdırılıb. Həmçinin onkoloji müəssisələrin baş həkimlərinin, şüa terapevtlərinin, mammaloqların, radioloqların və digər mütəxəssislərin iştirakı ilə “dəyirmi masa”lar təşkil olunacaq.
"Dünya alimləri və onkoloqları bədxassəli şişlərin müalicəsinin ən səmərəli sxemini axtarırlar. Bu sahədə cərrahiyyə texnikası ildən-ilə təkmilləşir, dərman və şüa terapiyasında yeni yanaşmalar müəyyənləşir, onkoloji xəstəliklərin diaqnostikasında yeni üsullar yaradılır.
Biz əminik ki, konqresdə onkoloqlar təcrübələrini bölüşəcək, öz bilik və bacarıqlarını daha da zənginləşdirəcəklər”,- deyə Rusiyanın "Birgə xərçəng əleyhinə" Fondunun icraçı direktoru Katerina Yarova bildirib.