MƏDƏNİYYƏT
Azərbaycan orkestrinin Almaniyada möhtəşəm çıxışı
Bakı, 11 avqust, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin kollektivi Almaniyada qastrol səfərində olub və Bavariyada keçirilən XX yubiley Qut-İmmlinq Opera sənəti festivalında iştirak edib.
Opera və Balet Teatrından AZƏRTAC-a bildirilib ki, Avropada ən mötəbər musiqi festivallarından olan bu tədbirdə dünyanın 34 ölkəsindən dirijor, rejissor və vokalçılar iştirak ediblər. Festival çərçivəsində baş tutan bütün konsert və tamaşalar anşlaqla keçib, Almaniyanın KİV-də geniş işıqlandırılıb. Ölkənin ən iri bank və şirkətləri festivalın sponsorları sırasında olub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri bu festivalda artıq 9-cu dəfə çıxış edib. Orkestr festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə məşhur vokalçılar – Mario Zhang, Vadim Kravets, Cefri Tarr, Cenifer Jakob, Reynhild Busmayer, Keyt Allen, Georgi Kirov, Deniz Yetim, Alin Stoika, Antonella Barnat, Əliəhməd İbrahimov, Simon Komasa və başqaları çıxış ediblər. Konsertin proqramına isə Avropanın bir çox məşhur bəstəkarları – C.Verdi, C.Puççini, C.Rossini, J.Bize, R.Leonkovallo, Ş.Quno, P.Maskanyi, P.Çaykovski, N.Rimski-Korsakov və digərlərinin populyar əsərləri daxil edilib. Qala-konsertdə orkestri festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok, azərbaycanlı dirijorlar, Xalq Artisti Cavanşir Quliyev, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və Murtuza Bülbül idarə ediblər.
Konsertdə klassik dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri – Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, Q.Qarayevin “Yeddi gözəl” və F.Əmirovun “Min bir gecə” baletlərindən parçalar, Niyazinin “Qaytağı”sı və Q.Qarayevin “Pavana” simfonik qravürləri, habelə P.Bülbüloğlunun “Eşq və Ölüm” baletindən parça və “Azərbaycan” əsəri səsləndirilib.
Konsertdən sonra festivalın təşkilatçıları – Lüdviq Bauman və Korneliya fon Kerssenbrok azərbaycanlı musiqiçilərin ifasını yüksək dəyərləndirib, teatrın rəhbərliyinə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər.
Çox önəmlidir ki, Azərbaycan orkestri yüksək professional çıxışına görə növbəti ildə artıq ardıcıl olaraq onuncu dəfə Qut-İmmlinq festivalında iştirak etmək üçün dəvət alıb.