MƏDƏNİYYƏT
Azərbaycan ötən il müxtəlif ölkələrdə keçirilmiş 13 beynəlxalq sərgidə təmsil olunmuşdur
Bakı, 3 yanvar (AZƏRTAC). “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də “Azərbaycanda yeni marşrutları kəşf edək” layihəsi olmuşdur.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində turizm şirkətlərinin köməyi ilə bir neçə turizm marşrutu yaradılaraq təqdim edilmişdir.
Ölkəmizin turizm potensialının dünyada təbliği istiqamətində də geniş tədbirlər həyata keçirilmişdir. Azərbaycan il ərzində müxtəlif ölkələrdə, o cümlədən Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Küveyt, Paris, Tokio və London şəhərlərində keçirilmiş 13 beynəlxalq sərgidə təmsil olunmuşdur.
Bundan əlavə, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədi ilə “EuroNews”, “Travel Channel” və “CNN” kimi nüfuzlu telekanallarda ölkəmiz haqqında reklam çarxları yayımlanmışdır. Eyni zamanda, bəzi ölkələrin tanınmış nəşrlərinin brendi ilə respublikamızın turizm potensialı, tarixi məkanları, mehmanxanaları, istirahət mərkəzləri ilə bağlı məlumatların yer aldığı kitabçalar çap edilmişdir.