İDMAN
Azərbaycan parataekvondoçuları Avropa çempionatında 10 medal qazanıblar
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın parataekvondo üzrə milli komandası Antalyada keçirilən Avropa çempionatında 10 medal qazanıb. Çempionata 12 idmançı ilə qatılan millimiz 3 qızıl, 2 gümüş və 5 bürünc medalla Vətənə qayıdır.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, qitə birinciliyində 15 ölkədən 75 idmançı iştirak edib.
İdmançılarımızdan Nicat Müslümov (-75 kq), Aleksandr Poleşuk (+75 kq) və Aynur Məmmədova (58 kq) fəxri kürsünün ən yüksən pilləsinə qalxıblar. Rövşən Qəhrəmanlı (-61 kq) və Rövşən Rzayev (-75 kq) isə finalda məğlub olaraq gümüş medallara layiq görülüblər.
Digər təmsilçilərimizdən Namiq Abbasov (61 kq), Bahar Şıxəliyeva (-49 kq), Devran Məsənov (-61 kq), Anar Hüseynov (-61 kq) və Şamil Kərimov (61 kq) yarışı bürünc medallarla başa vurublar.
Kişi idmançılarımız Rusiyadan sonra ikinci, qadın təmsilçilərimiz isə Rusiya və Türkiyə kollektivlərindən sonra üçüncü yerə layiq görülüb (Rusiya çempionata 25 idmançı ilə qatılıb).
Parataekvondoçularımız çempionata ATF-nin vitse-prezidenti Niyaməddin Paşayev, baş katibi Həmid Məmmədov, komandanın baş məşqçisi, Əməkdar Məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramovun rəhbərliyi ilə qatılıb.
Komanda noyabrın 28–də Vətənə qayıdacaq.