SİYASƏT
Azərbaycan parlamentinin UNICEF ilə əməkdaşlığı böyük səmərə verir
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova BMT Uşaq Fondunun (UNICEF) ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Edvard Karvardin ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonağı təyinat münasibətilə təbrik edən Bahar Muradova Azərbaycan ilə UNICEF arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
O, uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı birgə layihələrin uğurla həyata keçirildiyini deyib. Qeyd edib ki, Azərbaycan uşaqları UNICEF-i tanıyır. Bu isə qurumun ölkəmizdəki nüfuzunun göstəricisidir.
Parlament və ayrı-ayrı deputatlar səviyyəsində UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə sıx əlaqələrin mövcudluğunu xatırladan Bahar Muradova Edvard Karvardinin əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini bildirib.
Milli Məclis sədrinin müavini nəzərə çatdırıb ki, parlamentdə qanunvericilik aktlarının hazırlanması prosesində uşaq hüquqları mütləq nəzərə alınır. Xüsusilə son 10 ildə qəbul edilən qanunlarda gender məsələlərinə və uşaq haqlarına xüsusi diqqət yetirilib. Gələn ilin büdcəsi müzakirə olunarkən uşaq hüquqları məsələsi daha geniş aspektdə nəzərə alınacaq.
Görüşdə Edvard Karvardin UNICEF-in Azərbaycandakı nümayəndəsi kimi görəcəyi işlər, nəzərdə tutduğu fəaliyyət proqramı və planları barədə məlumat verib. O, Azərbaycanda son on ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyişin olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə uşaq ölümü 50 faiz azalıb, onların məktəbə cəlb olunması və uşaqlar arasında yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqlarımızın pozulmuş hüquqlarının bərpası, həmçinin ermənilərin mütəmadi hərbi təcavüzü nəticəsində cəbhəyanı bölgədə yaşayan dinc əhalinin, xüsusilə uşaqların rahatlığının pozulmasına qarşı UNICEF çərçivəsində beynəlxalq hüquq normalarından istifadə olunması və digər vacib məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.