SİYASƏT
Azərbaycan parlamentinin nümayəndə heyəti Latviyaya səfər edəcək
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 28-dən 30-dək Latviya Respublikasında rəsmi səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, nümayəndə heyətinə deputatlardan Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Latviya Seymində ölkə parlamentinin fəaliyyəti, deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olacaqlar.
Milli Məclisin sədri Oqtay Əsədov Latviya Seyminin spikeri xanım İnara Murniyetse ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılacaq. Görüşdə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti və deputatların qarşılıqlı səfərlərinin təcrübə mübadiləsi baxımından önəmi müzakirə ediləcək.
Oqtay Əsədovun Latviyanın Prezidenti, Baş naziri, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, siyasi, iqtisadi münasibətlərimizin daha da dərinləşdirilməsi və regional münaqişələrin həlli barədə danışılacaq.
Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş tədbirdə iştirak edəcək.