İQTİSADİYYAT
Azərbaycan pavilyonu “Astana EXPO-2017”də ən maraqlı ekspozisiyalardan biridir
Bakı, 2 iyul, AZƏRTAC
Astanada keçirilən EXPO-2017 beynəlxalq ixtisaslaşmış sərgidə Azərbaycan pavilyonu ən çox ziyarət olunan pavilyonlar arasındadır.
AZƏRTAC “Astana EXPO-2017” milli şirkətinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan pavilyonu ziyarətçilərin ən çox maraq göstərdiyi 10 ekspozisiya arasında 4-cü yerdədir. 400 kvadratmetrdən artıq sahəyə malik olan Azərbaycan pavilyonunda ölkəmizin enerji resursları, tarixi və mədəniyyəti nümayiş olunur. Ziyarətçilər burada, həmçinin Bakıya virtual tur da edə bilərlər. İyulun 9-da ESKPO-2017 sərgisi çərçivəsində Azərbaycanın Milli günü keçiriləcək.
İyunun 10-da açılan sərgini indiyədək 500 mindən çox insan ziyarət edib. Ziyarətlərin sayı isə 3 milyona yaxınlaşıb. Təşkilatçılar sərgini ümumilikdə 2 milyon insanın ziyarət edəcəyini proqnozlaşdırıblar. Sərgidə 115 ölkə və 30 beynəlxalq təşkilat iştirak edir. “Gələcəyin enerjisi” adlanan sərgi sentyabrın 10-dək davam edəcək.