CƏMİYYƏT
Azərbaycan polisi günü Səbail rayonunda qeyd edilib
Bakı, 1 iyul, AZƏRTAC
Səbail Rayon Polis İdarəsində 2 iyul - Azərbaycan polisi günü ilə əlaqədar toplantı keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda polis idarəsinin rəisi, polis polkovniki Əli İbrahimov polislərin öz peşəkarlığını artırmasından söz açıb. O xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycan polisi günü kimi qeyd olunur. Ulu Öndərin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin səyləri ilə polis orqanlarının maddi-texniki bazası daha da möhkəmləndirilib, polisə diqqət artıb.
Əlamətdar gün münasibətilə polis işçilərini təbrik edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan polisinin inkişafında, kadrların yetişdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanlarına diqqət və qayğısından danışıb. Qeyd edib ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir və nümunəvi xidmət göstərir, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir.
İcra hakimiyyətinin başçısı bir çox yerli və beynəlxalq tədbirlərin keçirildiyi, sakinlərin və çoxsaylı qonaqların sevimli gəzinti və istirahət yeri olan Səbail rayonunda asayişin, insanların təhlükəsizliyin qorunması, neqativ halların, müxtəlif təxribatların qarşısının alınması istiqamətində görülən işlərdən danışıb, polis əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.