Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında mərasim keçirilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdirVİDEO

Bakı, 2 iyul (AZƏRTAC). Azərbaycan polisinin yaranmasının 95-ci ildönümü günündə - iyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.

Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verdi.

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Bildirildi ki, daxili işlər orqanlarının inkişafı daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz töhfəsini vermişdir. Ümummilli Liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər. Daxili işlər Nazirliyinin Polis Akademiyasında yeni inşa olunmuş Heydər Əliyev Mərkəzində yaradılan şərait Ulu Öndərin mənalı həyatının və eləcə də müasir Azərbaycan tarixinin zəngin bir dövrünün öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir. Hakimiyyətə qayıdışı ilə ölkənin geosiyasi imkanlarını düzgün qiymətləndirən Ulu Öndərin siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxmışdır. Ümummilli lider Heydər Əliyevin dünyada cərəyan edən proseslərə müdrik yanaşması ölkəmizin nüfuzunu artırmışdır. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində Azərbaycanın gələcək inkişafının təməli qoyulmuşdur.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yaradılan Heydər Əliyev Mərkəzində xalqımızın Ümummilli Liderinin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliğ olunması üçün bütün imkanlar yaradılmışdır. Mərkəzin əsas vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı materialların toplanması və kataloqlaşdırılmasından, Heydər Əliyevin irsinə dair Polis Akademiyasında aparılan araşdırmaların təbliğindən, bu istiqamətdə plan və proqramların hazırlanmasından, onların maddi-texniki təminatı üçün tədbirlərin görülməsindən ibarətdir.

Heydər Əliyev Mərkəzinin ən müasir üslubda inşa olunmuş üçmərtəbəli binasında dahi rəhbərin büstü qoyulmuşdur. Mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyatının və çoxşaxəli ictimai-siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlər yaradılmışdır. Birinci stenddə Ulu Öndərin uşaqlıq, tələbəlik və gənclik dövrünün fotoşəkilləri yer almışdır. Sonrakı stend isə ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətinə həsr olunmuşdur. Burada, həmçinin dahi şəxsiyyətin 1970-ci illərdə ölkəmizə rəhbərliyinin ayrı-ayrı məqamları fotolar və sənədlər vasitəsilə əks olunur. Mərkəzdə Ulu Öndərin Moskvada işlədiyi 1980-ci illərdəki fəaliyyəti haqqında da geniş məlumat əldə etmək mümkündür. Buradakı fotostendlərdə, həmçinin ümummilli lider Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Naxçıvandakı fəaliyyətindən də bəhs olunur.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzdə yaradılan iki ayrı guşədə Ulu Öndərə aid fərmanlar, diplomlar və digər müxtəlif sənədlər sərgilənir. Mərkəzdə yaradılan növbəti stendlər görkəmli şəxsiyyətin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrü əhatə edir. Ulu öndər Heydər Əliyev daxili işlər orqanlarına və onun əməkdaşlarına həmişə xüsusi qayğı ilə yanaşmışdır. Mərkəzdə Ümummilli Liderin hakimiyyətə qayıdışını əks etdirən fotoşəkillər də yerləşdirilmişdir. Ulu Öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin daxili işlər orqanlarının müxtəlif tədbirlərində iştirakından bəhs edən fotoşəkillər isə xüsusi stenddə toplanmışdır. Azərbaycanın dövlət rəmzləri və polisin fərqlənmə nişanları üçün ayrıca guşə yaradılmışdır. Mərkəzin müxtəlif hissələrində ümummilli lider Heydər Əliyevin daxili işlər orqanları və polis haqqında dediyi müdrik kəlamların yazıldığı lövhələr, videogörüntüləri əks etdirən monitorlar yerləşdirilmişdir.

Mərkəzin üçüncü mərtəbəsi Akademiya heyətinin asudə vaxtının daha da səmərəli keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buradakı fotostudiyada ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən fotomaterialların toplanması, tədqiqi və çapı həyata keçirilir. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə fotostudiyada çəkilən və toplanan şəkillərdən gələcəkdə müdavim və dinləyicilər Polis Akademiyasında keçirilən dərslərdə, slayd müsabiqələrində, treninq və konfranslarda istifadə edə bilərlər.

Şahmat dərnəyi otağında da hər cür şərait yaradılmışdır. Mərkəzdə fikir mübadilələrinin aparılması, virtual dərslərin keçirilməsi üçün sinif, eləcə də yeni texnologiya əsasında ingilis dilinin tədris olunduğu funksional kompyuterlərdən ibarət xarici dil mərkəzi də fəaliyyət göstərir. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsi mərkəzi də fəaliyyət göstərəcəkdir. Dahi şəxsiyyətin “Polis əməkdaşı bilikli, öz sahəsində yüksək təhsilə, yaxşı təcrübəyə malik olmalıdır” kəlamı rəhbər tutularaq müdavimlərin mütaliə tələblərinin ödənilməsi və intellektual səviyyələrinin artırılması məqsədilə elektron kitabxana da yaradılmışdır. Kitabxanada ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə və Polis Akademiyasının profilinə aid olan elektron kitablar yerləşdirilmişdir.

Mərkəzin birinci mərtəbəsi isə müxtəlif tədbirlərin və konfransların keçirilməsi üçün akt zalından, eləcə də istirahət guşələrindən ibarətdir.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşdü, Polis Günü münasibətilə təbriklərini çatdırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev tədbirdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

- Hörmətli Daxili İşlər Nazirliyinin əməkdaşları!

Mən sizi və Daxili İşlər Nazirliyinin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram.

Bu gün biz Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin açılışını qeyd edirik. Çox gözəl Mərkəzdir, çox gözəl memarlıq əsəridir, eyni zamanda, daxili tərtibat da göz oxşayır. Əminəm ki, bu mərkəz çox səmərəli fəaliyyət göstərəcək və Akademiyada təhsil alan kadrların hazırlanmasında Mərkəzin çox böyük rolu olacaqdır.

Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev polis orqanlarının formalaşmasında xüsusi rol oynamışdır. Məhz onun rəhbərliyi ilə Azərbaycanda müasir polis orqanları yaranmışdır. 1993-cü ilə qədərki vəziyyəti biz yaxşı xatırlayırıq, siz də xatırlayırsınız. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya ölkəyə çox böyük zərbə vurmuşdur. O vaxt - bütövlükdə 1991-1993-cü illərdə Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, Azərbaycanda sabitlik pozulmuşdu, daxili çəkişmələr baş verirdi və bu çəkişmələr nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı.

Tarix üçün bu vacib müddətdə əgər polis orqanları və polis orqanlarına rəhbərlik edən şəxslər öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsəydilər, bəlkə də ölkə bu qədər ağır vəziyyətlə üzləşməzdi. İş burasındadır ki, Daxili İşlər Nazirliyinin o vaxtkı rəhbərliyi, onlar özləri anarxiyanın, özbaşınalığın inkişafında və ya tüğyan etməsində əsas rol oynamışlar. O vaxt daxili işlər orqanlarının rəhbərləri faktiki olaraq ölkədə kriminogen vəziyyət yaratmışdılar. Polis orqanları, xüsusilə nazir və onun müavinləri özləri quldurluqla məşğul idilər. O illər hamımızın yaxşı yadındadır – özbaşınalıq, reket, qanunsuz hərəkətlər faktiki olaraq cəmiyyətdə polisə qarşı münasibəti, hörməti sıfıra endirmişdi.

Belə ağır vəziyyətdə Ulu Öndər xalqın tələbi ilə hakimiyyətə gələndə əlbəttə ki, bütün başqa sahələrlə bərabər, polis orqanlarının müasir səviyyədə formalaşmasına çox böyük təkan vermişdir. Polis orqanlarının inkişafı, polisdə sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi – bütün bu məsələlər ölkəmizin ümumi inkişafına çox müsbət təsir göstərmişdir.

Çünki yaxşı xatırlayırıq ki, o vaxt Azərbaycanda sabitlik pozulmuşdu, iqtisadi tənəzzül müşahidə olunurdu, Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı, Azərbaycana investisiyalar gəlmirdi, iqtisadi inkişaf ümumiyyətlə dayanmışdı. Sənaye sahəsində isə tənəzzül elə idi ki, bütün sənaye müəssisələri demək olar ki, iflic vəziyyətə düşmüşdü.

Hər bir ölkənin inkişafı üçün əsas şərt sabitlikdir. Bu gün biz dünyanın müxtəlif bölgələrində hökm sürən prosesləri izləyərkən bir daha görürük ki, sabitlik pozulduqda bütün başqa məsələlər də öz həllini tapa bilməz. Sabitlik pozulduqda inkişafdan söhbət gedə bilməz. Ona görə sabitliyin bərpa edilməsi o illərdə ən başlıca vəzifə idi. Ulu Öndərin qətiyyəti, müdrikliyi, xalqın ona olan inamı və polis orqanlarının fəaliyyəti bu sabitliyi yarada bildi və artıq 20 ildir ki, Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir. İyirmi ildir ki, biz uğurlu inkişaf yolu ilə gedirik və bu sabitlik, bir daha demək istəyirəm ki, bütün inkişafın təməlində dayanan amildir.

Biz əlbəttə ki, gələcək planlarımızı da bəyan etmişik və planlarımız çox açıqdır. Azərbaycan bundan sonra da inkişaf etməlidir. Azərbaycanda çox böyük quruculuq işləri aparılır. Sosial məsələlər öz həllini tapır. Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci dövlət yoxdur. Əsas nailiyyətimiz ondan ibarətdir ki, biz Ulu Öndərin qoyduğu yola sadiqik. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin davam etdirilməsi bizim gələcək uğurlarımızı da şərtləndirir.

Əlbəttə ki, Azərbaycan bu gün dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bizim təşəbbüslərimiz artıq dünya miqyasında öz böyük əhəmiyyətini göstərməkdədir. O ki qaldı daxili vəziyyətə, Azərbaycanda daxili vəziyyət çox sabitdir, müsbətdir. Bütün iqtisadi layihələr uğurla icra edilir. İqtisadiyyatımız artır. İqtisadiyyatın bütün sahələri inkişafdadır. Cəmiyyətdə çox müsbət ovqat, ab-hava vardır. Azərbaycana gələn yüksək səviyyəli qonaqlar mənimlə görüşlər əsnasında bunu daim vurğulayırlar. Əlbəttə ki, Bakının gözəlliyi, Azərbaycanın inkişafı onlara çox böyük təsir göstərir. Ancaq eyni zamanda, vurğulayırlar ki, cəmiyyətdə çox gözəl ab-hava vardır. İnsanların rahat yaşamaları, səhər, axşam, gecə vaxtlarında ictimai yerlərdə ailələri ilə rahat gəzintiyə çıxmaları - bütün bunlar bizim üçün artıq bir reallıqdır.

Amma bir çox ölkələrdə vəziyyət tam başqadır. İndi biz görürük ki, müxtəlif bölgələrdə, müxtəlif qitələrdə qarşıdurmalar, etirazlar, daxili çəkişmələr böyük fəlakətlərə gətirib çıxarır. İnsanların böyük əksəriyyəti vəziyyətdən narazıdırlar. Bəzi ölkələrdə hər üç-dörd ildən bir dəyişən hakimiyyət də bax, bu narazılığın əlamətidir. İnsanlar ümid etmək istəyirlər ki, yeni hakimiyyət onların hansısa problemlərinin həlli ilə məşğul olacaqdır. Ancaq vaxt keçir və insanlar məyus olurlar.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində, vətəndaşlarda gələcəyə çox böyük inam vardır. Bütün rəy sorğuları onu göstərir ki, Azərbaycan vətəndaşları gələcəkdə onları daha da gözəl şəraitin, gözəl həyatın gözlədiyinə inanırlar. Biz əlbəttə ki, bu müsbət meylləri gücləndirməliyik, Azərbaycanın uğurlu inkişafını təmin etməliyik və edəcəyik. Son illər ərzində apardığımız siyasət onu göstərir ki, bu, düzgün siyasətdir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə öz inkişafını davam etdirir. Bu inkişaf insanların rifah halının yaxşılaşmasında da özünü göstərir.

Əlbəttə, ictimai asayiş Azərbaycanda daim yüksək səviyyədə qorunmalıdır. Xüsusilə, yenə də deyirəm, 1992-1993-cü illəri biz yaxşı xatırlayırıq. Xatırlayırıq ki, ictimai asayiş pozulduqda ölkə idarəedilməz vəziyyətə düşür. Bu gün ictimai asayiş polis orqanları tərəfindən layiqincə qorunur.

Azərbaycanda bax, bugünkü vəziyyətin, bu sabitliyin, inkişafın, gələcəyə inamın təməlində dövlət siyasəti dayanır. Düzgün, müdrik dövlət siyasəti ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır. Eyni zamanda, polis işçilərinin fəaliyyəti, onların peşəkarlığı, ictimai asayişin onlar tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir.

Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Bax, bu Akademiyada hazırlanan kadrlar peşəkar kadrlar olacaqlar. Eyni zamanda, Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir. Azərbaycanda kriminogen durum çox müsbətdir. Başqa ölkələrlə müqayisədə görürük ki, biz ən qabaqcıl yerlərdəyik. Mənə nazir tərəfindən hər gün məlumat verilir ki, gün ərzində təqribən 30-40 cinayət törədilir. Cinayətlərin mütləq əksəriyyəti o qədər də ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün 30-40 cinayət çox cüzi bir rəqəmdir.

Bu, onu göstərir ki, cəmiyyətdə hökm sürən sabitlik, müsbət inkişaf dinamikası, əlbəttə ki, kriminogen durumun da müsbət səviyyədə qalmasına xidmət edir. Çünki işsizliyi, yoxsulluğu həddən artıq çox olan ölkələrdə cinayətkarlıq da çox olur, yəni, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Cəmiyyət bir canlı orqanizmdir. Azərbaycanda son illər ərzində işsizlik demək olar ki, aradan qaldırılıb, cəmi 5,2 faizdir. Yoxsulluq şəraitində yaşayanların sayı 6 faizdir və mən qarşıya vəzifə qoymuşam ki, yoxsulluq aradan qaldırılmalıdır.

Yəni, cinayətkarlığın inkişafına rəvac verən amillər Azərbaycanda demək olar ki, aradan qaldırılır. Bu vəziyyət məni çox sevindirir. Çünki Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən, Bakı ən təhlükəsiz şəhərlərindən biridir. Bakıda sutka ərzində insanlar rahat yaşayırlar, axşam, gecə saatlarında rahat gəzirlər. Siz polis işçiləri bunu yaxşı bilirsiniz, çünki bu vəziyyətə nəzarət edirsiniz. İnsanlar doğrudan da, həyatdan zövq alırlar.

Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə nəticəsində deyə bilərəm ki, Azərbaycanda mütəşəkkil cinayətkarlıq aradan qaldırılıbdır. Ayrı-ayrı təzahürlər olur, amma dərhal onların qarşısı alınır. Hesab edirəm ki, biz bu istiqamətdə də çox böyük uğurlara nail olduq. Başqa ölkələrlə müqayisədə Azərbaycanda bu sahədəki vəziyyət çox müsbətdir.

Polisin texniki təminatı da yüksək səviyyədə həll edilir. Bu məsələ daim diqqət mərkəzindədir. Yeni texniki vasitələrdən istifadə, deyə bilərəm ki, profilaktika məsələlərini də uğurla həll etməyə imkan verir. Şəhərimizin müxtəlif yerlərində quraşdırıImış təhlükəsizlik kameraları öz müsbət rolunu oynayır, həm profilaktika nöqteyi-nəzərdən, eyni zamanda, cinayətlərin açılması üçün onların çox böyük faydası vardır. Azərbaycanda cinayətlərin açılması da yüksək səviyyədədir. Bu da polis işçilərinin peşəkarlığından xəbər verir. Eyni zamanda, biz yeni texniki vasitələrdən uğurla istifadə edirik və edəcəyik. Texnologiyalar sürətlə inkişaf edir. Bildiyiniz kimi, Azərbaycan texnoloji tərəqqiyə çox böyük diqqət göstərir. Biz ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq edirik, o cümlədən təhlükəsizlik məsələlərinin həlli üçün biz bu texnologiyalardan səmərəli şəkildə istifadə edirik.

Yəni, bir sözlə, deyə bilərəm ki, son illər ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Əminəm ki, Azərbaycanda bu müsbət dinamika gələcəkdə davam etdiriləcəkdir.

Daxili Qoşunlar da inkişafdadır. Daxili Qoşunların təminatı yüksək səviyyədə həll edilir. Ən müasir texnika, döyüş avadanlıqları gətirilir. Daxili Qoşunlar böyük qüvvədir və əlbəttə, Daxili Qoşunların da cəmiyyətdə çox böyük funksiyaları vardır. Hər an, hər zaman Daxili Qoşunlar sabitliyin, asayişin keşiyində olmalıdırlar və belə də olacaqdır.

Polis orqanları qarşısında duran vəzifələrlə bağlı bir neçə kəlmə demək istərdim. Əlbəttə, ilk növbədə, asayişi qorumaq polisin əsas funksiyasıdır. Deyə bilərəm ki, polis işçiləri bu vəzifəni uğurla icra edirlər. İnsanlara polis əməkdaşları tərəfindən daim diqqət, qayğı göstərilməlidir, kobudluğa yol verilməməlidir. Belə faktlar aşkarlanarsa, dərhal tədbir görülməlidir.

Cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədə aparılmalıdır. Azərbaycan, bir daha demək istəyirəm ki, bütün istiqamətlər üzrə nümunə ola bilər, o cümlədən cinayətkarlığa qarşı mübarizə sahəsində də bizim təcrübəmiz hesab edirəm ki, başqa ölkələr üçün də maraqlı ola bilər. Yəni, polis orqanları və onun əməkdaşları bu istiqamətdə də çox ciddi olmalıdırlar.

Polis əməkdaşları korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də ön sıralarda olmalıdırlar. Bilirsiniz ki, Azərbaycanda bu xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, ciddi tədbirlər görülür və polis əməkdaşları nümunə olmalıdırlar.

Bütövlükdə cəmiyyətdə polis orqanlarına münasibət cəmiyyətin, ümumiyyətlə inkişaf səviyyəsini göstərir. Polis orqanlarına cəmiyyətdə çox böyük hörmət olmalıdır və bu hörmət polis orqanları tərəfindən qazanılmalıdır. Polis orqanlarının əməkdaşları özlərini insanlarla təmaslarda elə aparmalıdırlar ki, onlara hörmət daha da çox olsun. Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Onların çox böyük funksiyaları, çox böyük zəhmətləri vardır. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.

Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma “narıncı inqilab” etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt - 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi əlbəttə ki, bizə heç kim təzyiq edə bilməz və deyə bilərəm ki, bu cəhdlər artıq tükənibdir. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər.

Bu gün də demək istəyirəm ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə öz layiqli cavabını verirlər və verəcəklər. Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə də bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır.

Mən bir daha demək istəyirəm ki, Azərbaycanın bugünkü uğurlu inkişafı realdır. Bu, bizi, dostlarımızı sevindirir, bizi istəməyən qüvvələri isə məyus edir. Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilibdir. Azərbaycanın coğrafi vəziyyəti, bizim geosiyasi məsələlərlə bağlı tutduğumuz mövqe, enerji resurslarımız, nəqliyyat infrastrukturumuz, digər amillər, yəni, iqtisadi inkişaf, Azərbaycanın siyasi cəhətdən güclü ölkə olması, əlbəttə ki, bizə diqqəti artırır. Əlbəttə, Azərbaycan bir güclü dövlət kimi bəzi dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı səviyyə yoxdur.

Əlbəttə ki, biz bütün əməkdaşlığa açığıq və beynəlxalq əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq. Ancaq bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq hüquq normalarına söykənir.

Ancaq şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri vardır. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaqdır. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.

Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.

Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik.

Polis orqanlarının da bu işdə çox böyük rolu vardır. Əminəm ki, polis işçiləri həmişə olduğu kimi, dövlətə, dövlətçiliyə öz sədaqətini göstərəcəklər.

Bir daha, əziz dostlar, sizi bayram münasibətilə ürəkdən təbrik edirəm.

X X X

Daxili işlər naziri, general-polkovnik Ramil USUBOV çıxış edərək dedi:

- Möhtərəm Prezident! Cənab Ali Baş Komandan!

İcazə verin, bütün şəxsi heyət adından və öz adımdan Sizi bir daha salamlayım, Azərbaycan polisinin yaranmasının 95 illik yubileyi ərəfəsində keçirilən tədbirdə vaxt tapıb iştirak etdiyinizə, burada polis haqqında, daxili işlər orqanları haqqında dediyiniz dəyərli fikirlərə görə dərin təşəkkür və minnətdarlığımı bildirim.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində təsis edilmiş ilk milli polis orqanları böyük vətənpərvərliklə xalqın asayişinin, gənc demokratik respublikada dövlətçiliyin keşiyində durmuşdur. Məhz tarixi ədalətin bərpasını zəruri sayan və varislik prinsipini rəhbər tutan xalqımızın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan etdi.

Cümhuriyyətin süqutundan sonrakı 70 il ərzində daxili işlər orqanları sovet dövlətinin siyasətini həyata keçirsə də, bütövlükdə böyük təcrübə qazanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

Danılmaz həqiqətdir ki, həmin dövrdə daxili işlər orqanlarının tarixində ən mühüm mərhələ dahi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Ulu Öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində milisin peşəkarlıq və bilik səviyyəsinin yüksəlməsinə nail olunmuşdur.

Şəxsi heyətin milli dövlətçilik ideologiyası ruhunda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə polis və sonralar isə Daxili Qoşun hissələri idi.

Bu döyüşlərdə 1695 əməkdaşımız və hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalmış, 1710 nəfər xəsarət almışdır. Göstərdikləri şücaətə və fədakarlığa görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Onu da məruzə edim ki, cənab Prezident, ötən 20 ildə cinayətkarlıqla mübarizə zamanı 91 polis əməkdaşı həlak olmuş, 2221 nəfər yaralanmışdır.

Tarixi faktdır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış mürəkkəb vəziyyət, torpaqlarımızın işğalı və separatizm şəraitində siyasi-iqtisadi böhranın dərinləşməsi, respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi, qanunsuz silahlı dəstələrin və cinayətkar qrupların vətəndaşların azad və təhlükəsiz yaşamaq hüququnu pozması Azərbaycanı daxildən parçalayır, onun bir dövlət kimi mövcudluğunu sual altında qoyurdu.

Belə ağır vəziyyətdə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanda siyasi rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev daxili sabitliyi təmin etməklə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.

Həmin illərdə müstəqilliyimizin taleyi daxili sabitlikdən bilavasitə asılı idi. Həyati vacib bu sahədə daxili işlər orqanlarının mühüm rolunu nəzərə alan Ulu Öndər milli maraqlara uyğun olaraq fəaliyyətimizin başlıca istiqamətlərini müəyyən etdi. Polisin sıraları səriştəsiz, təsadüfi şəxslərdən təmizləndi. Peşəkar kadrların irəli çəkilməsi ilə xalqa və dövlətə xidmət prinsipi təmin olundu. Ümummilli Liderin şəxsi rəhbərliyi altında hərtərəfli islahatlara başlanıldı.

Dahi öndərin 1994-cü il avqustun 9-da “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında” imzaladığı Fərman ilə ölkədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin uğurlu başlanğıcı qoyuldu. Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən tədbirlərlə əllərdə olan on minlərlə odlu silah və sursat yığıldı. Yüzlərlə cinayətkar dəstə zərərsizləşdirildi. 1994-1996-cı illərdə bir çox təhlükəli və xüsusilə ağır cinayətlərin, o cümlədən dövlət çevrilişlərinin qarşısı alındı.

Bütün bunlarla əlaqədar ümummilli lider Heydər Əliyev qeyd edirdi: “Ən böyük nailiyyətimiz odur ki, biz Azərbaycanda ictimai-siyasi sabitlik yaratdıq. Xalqımızı cürbəcür bəlalardan, dövlət çevrilişi cəhdlərindən, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik”.

Respublikada asayişin mühafizəsi sahəsində baş verən müsbət dəyişiklikləri o dövrün cinayətkarlığının statistikası da tam aydınlığı ilə əks etdirir. 1992-ci illə müqayisədə 2002-ci ildə cinayətlərin açılması 67 faizdən 95 faizə yüksəldi. Ümumi cinayətlərin sayı 31 faiz, bağlı qalmış cinayətlər isə 13 dəfə azaldı.

Bu gün Azərbaycan haqqında danışılanda fəxr edə biləcəyimiz çox uğurlar vardır. İstisnasız olaraq, onların hamısının əsasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti durur. Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu barədə demişdir: “Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Dövlət quruculuğu prosesi müvəffəqiyyətlə aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır”.

Həqiqətən də dövlətçiliyin ən böyük məktəbi olan Heydər Əliyev məktəbini keçdiyimiz ilk on ilin yekunları ondan əvvəlki tarixin heç bir dövrü ilə müqayisə edilə bilməz. Həmin illərdə cəmiyyətin istənilən sahəsində olduğu kimi, daxili işlər orqanlarını formalaşdıran da, möhkəmləndirən də məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Hörmətli tədbir iştirakçıları!

Hamınıza yaxşı məlumdur ki, Zati-aliləri cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafın yeni mərhələsinə qədəm qoydu.

Lakin bu dövr də heç də asan olmadı, bir neçə dəfə respublikamızda dövlət çevrilişinə cəhd halları baş verdi. Bu antidemokratik, xalqımızı, ölkəmizi yenidən fəlakətlərə sürükləməyə cəhd cinayətlərinin qarşısı Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi, hüquq mühafizə orqanlarının yaranmış vəziyyətə operativ müdaxiləsinin Zati-aliləri tərəfindən təşkili nəticəsində alındı.

Məhz ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq, cənab Prezidentin rəhbərliyi ilə xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırıldı. Şəxsi heyətin anda sədaqətini həmişə yüksək qiymətləndirən dövlət başçısı tərəfindən daxili işlər orqanlarının da inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirildi.

Möhtərəm Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş polisin fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı əsasında struktur islahatlarının aparılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üzrə əhəmiyyətli işlər görülmüşdür.

Daxili işlər orqanlarının keçdiyi böyük inkişaf yolunun daha bir əyani təsdiqi açılışlarında, cənab Prezident, Sizin də iştirak etdiyiniz çoxsaylı infrastrukturun istifadəyə verilməsidir. Bütövlükdə, 1993-2013-cü illər ərzində ümumi dəyəri 220 milyon manat olan 223 obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılmış, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınmışdır. Həmin müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 16 sərəncam imzalanmışdır.

Bu gün müasir dövrün təhdid və çağırışlarına cavab olaraq insan hüquq və azadlıqlarının qorunması, hər bir əməkdaşın nümunəvi davranışı ilə cəmiyyətdə fərqlənməsi, fəaliyyətini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması, cənab Prezident, tələb və tövsiyələrinizə uyğun Daxili İşlər Nazirliyinin başlıca vəzifələri olmaqla həyata keçirilir və bundan sonra da bu, davam etdiriləcəkdir. Bununla yanaşı, möhtərəm cənab Prezident, vətəndaşların qəbuluna və müraciətlərinə xüsusi həssaslıqla yanaşmaq barədə verdiyiniz tapşırıqlar 2004-2013-cü illərdə nazirliyin aparatında və respublikanın bölgələrində yerinə yetirilib. Bu dövr ərzində 48 min vətəndaş yerlərdə qəbul edilmiş, 277 mindən çox ərizə və şikayətə baxılmışdır.

Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı ötən 20 ildə orta hesabla 220-yə bərabər olmaqla, əksər dünya ölkələri ilə müqayisədə faizlə yox, dəfələrlə azdır. Bu dövrdə cinayətlərin illik orta açılması 90 faizdən yuxarı olmuş, 23 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, axtarışda olan 82 mindən artıq təqsirləndirilən şəxs tutularaq istintaqa və yaxud da ədalət məhkəməsinə verilmişdir. Əllərdə qanunsuz saxlanılan 41 min odlu silah yığılmış, onun tətbiqi ilə törədilən cinayətlərin sayı 9 dəfə azalmışdır. Həyata keçirilən məqsədyönlü profilaktik tədbirlərin nəticəsi olaraq, qeydə alınan hüquqazidd əməllərin yalnız 10 faizə qədəri ağır və xüsusilə ağır cinayətlər olmuşdur.

Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirmişdir. Ötən 20 ildə cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin qorunmasında nümunəvi xidmətlərinə görə 662 əməkdaşımız dövlət mükafatlarına layiq görülmüşdür.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Sizin hər bir kollektivə gəlişiniz orada çalışan bütün əməkdaşlara yeni ruh, yeni qüvvə verir. Daha yaxşı işləmək stimulu, xoşbəxt gələcəyə dərin inam yaradır. Hər zaman olduğu kimi, bizə, bu gün də bayram sevinci, bayram əhval-ruhiyyəsi bəxş etdiniz. Biz xalqımızın qəlbən sevdiyi, dünya liderləri arasında sayılıb-seçilən Prezidentimizlə fəxr edirik.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti adından Zati-alinizi əmin edirəm ki, qarşımızda qoyduğunuz tələbləri və tövsiyələri böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, gələcəkdə də ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə bütün qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında mərasim keçirilmişdirPrezident İlham Əliyev mərasimdə iştirak etmişdirVİDEO

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib