MƏDƏNİYYƏT
Azərbaycan polşalı səyahətçinin gözü ilə
Bakı, 2 fevral, AZƏRTAC
Polşada nəşr olunan “4x4 Off-road pl” jurnalının fevral nömrəsinin “Sərgüzəşt” bölməsində “Transformasiya–Azərbaycan” adlı məqalə dərc edilib.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalənin müəllifi Mariuş Reveda, fotoların müəllifi isə İvona Kozlovyetsdir.
Mariuş Reveda uzun illərdir ki, dünyanın müxtəlif ölkələrinə səyahət edir və öz təəssüratlarını, hər bir turist üçün dəyərli ola biləcək məsləhətlərini www.kilometr.com internet saytında yazır.
Cənubi Qafqaza iki həftəlik səyahət edən M.Reveda fürsətdən istifadə edərək 7 il bundan əvvəl olduğu Azərbaycana da 3 günlük səfər edib. Yeddi il bundan əvvəl gördüyü Azərbaycanı bugünkü vəziyyəti ilə müqayisə edən müəllif ölkədə böyük dəyişikliklərin baş verdiyini vurğulayır.
Müəllif məqaləni bu fikirlərlə başlayır: “Bu ölkədə çox şey dəyişib. Qərb avtomobilləri şəhərdə çoxluq təşkil edir. Yollar yaxşılaşıb, şəhər isə həqiqətən də çox səliqəli görünür. Azərbaycan məni tez-tez təəccübləndirir. Bu, sözün müsbət mənasında belədir”.
M.Reveda Bakını Moskva, İstanbul, Astana kimi şəhərlərlə müqayisə edir və Bakının qeyd edilən şəhərlərdən fərqli olaraq, son illərdə daha çox inkişaf etdiyini vurğulayır.
Müəllif qeyd edir ki, İçərişəhərin bərpası, ictimai parkların geniş ərazisi, turistik məlumatların keyfiyyəti, şəhər və ictimai nəqliyyat vasitələrinin hərəkətinin təşkili, küçələrin təmizliyi, həmçinin piyadaların mədəniyyəti yüksək səviyyədədir. Asiyada azərbaycanlılar bir Avropa şəhəri yaradıblar.
Məqalədə İçərişəhər haqqında da ətraflı məlumat verilir. Səyyah İçərişəhəri Fransa və Almaniyanın qədim şəhərlərinə bərabər tutur.
Məqalədə, həmçinin Xınalıq kəndinə səfərindən də söhbət açan M.Reveda Xınalığa gedən yoldan, turistlər üçün maraqlı tarixi və mədəniyyət obyektlərindən, muzey eksponatlarından yazır.
Məqalədə Azərbaycana üç günlük səfəri əhatə edən çox sayda fotolar da yer alıb.