REGİONLAR
Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikirlər Milli Musiqi Günü ilə bağlı NDU-da keçirilən tədbirdə səsləndirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu günün tarixindən ətraflı söhbət açaraq, 1995-ci ildən dahi Üzeyir Hacıbəylinin doğum gününün Milli Musiqi Günü kimi qeyd edildiyini bildirib.
Universitetin musiqi təlimi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru İsmayıl Mürsəlov vurğulayıb ki, dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəylinin 1908-ci ildə səhnələşdirilən “Leyli və Məcnun” operası ilə milli opera sənətinin əsası qoyulub. “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən, bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyli isə musiqi tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olub.
Tədbirin bədii hissəsində musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin “Arazbarı” muğamı, universitetin İncəsənət fakültəsinin tələbəsi Bəsti Qasımovanın ifasında “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, musiqi təlimi kafedrasının müəllimi Əli Davudinin ifasında “Koroğlu” operasından Həsən xanın ariyası və digər əsərlər səsləndirilib.