MƏDƏNİYYƏT
“Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi olmuşdur VİDEO
Bakı, 17 mart (AZƏRTAC, Xatirə Cəfərova). Martın 17-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.
Fatma Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimatı Xalq Artisti Cənnət Səlimovanın quruluşunda “Don Rafael trambonçu” (“Peppino de Filippo”) tragikomediyası ilə baş tutmuşdur. Baş rollarda Şövqi Hüseynov və Gülər Nəbiyeva, rollarda Nofəl Vəliyev, İradə Rəşidova, Aydın Dəmirov, Seyidşah Məmmədov, Eşqin Quliyev çıxış etmişlər.
Təqdimat mərasimində tanınmış rejissor, Xalq Artisti Cənnət Səlimova çıxış edərək “Azərbaycan qadını” jurnalının fəaliyyətini yüksək qiymətləndirmişdir. Rejissor qeyd etmişdir ki, müasir həyatımızı rəngarəng materiallarla əks etdirən “Azərbaycan qadını” oxucuların dərin rəğbətini qazanmışdır.
“Azərbaycan qadın”nın növbəti buraxılışı mərasimin iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Jurnalın yeni nömrəsində oxuculara maraqlı bədii-publisistik yazılar, eləcə də parlaq hadisəyə çevrilən mühüm layihələrlə bağlı materiallar təqdim edilir.
Bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur. Bu illər ərzində bir çox layihələr, proqramlar həyata keçirən Fond artıq yeni bir layihənin icrasına başlamışdır.
Uşaqların təhsil və tərbiyəsinə daim diqqətlə yanaşan Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramını
təqdim etmişdir. Oxucular bu yeni layihə ilə bağlı daha ətraflı məlumatla jurnalın səhifələrində tanış ola bilərlər.
Mədəniyyət xalqları və ölkələri bir-birinə yaxınlaşdırır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizdə səfərdə olmuş Monako knyazı II Albert, Bolqarıstanın Baş naziri Plamen Oreşarski ilə görüşlərində bu məsələ bir daha müzakirə mövzusuna çevrilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Dünya: uşaqların gözü ilə” sərgisi minlərlə uşağa istedadını və təbiətə olan sevgisini nümayiş etdirməyə imkan verir. Jurnalın səhifələrində bizə Yer kürəsinin ekoloji durumuna yeni rakursdan baxmaqla yanaşı, həm də dünyanı uşaq kimi cani-dildən sevməyə çağıran bu layihə ilə bağlı geniş material oxuculara təqdim edilir.
“Azərbaycan qadını” jurnalının yaz buraxılışında oxucuları akademik Arif Paşayevin bu dünyanın həqiqətləri barədə səmimi söhbəti, xalq artistləri Cənnət Səlimova və Şükufə Yusupova ilə maraqlı görüş, gənc rəssam Məryəm Ələkbərlinin əlvan sənət dünyası, Yerlə göy arasında var-gəl eləyən, mələkləri xatırladan gülərüz peşə sahibləri ilə ünsiyyət, o cümlədən müasirimiz Günel İsmayılovanın virtual dünyasına səyahət gözləyir.
Jurnalın səhifələrində, həmçinin “Təbəssümü – Ay işığı...”, “Çövkən – Cıdır düzünün yadigarı”, “Uçan, uca, incə SƏNƏT...”, “Gümüşü tellərin nağılı”, “Şahmat – sonsuz imkanlar oyunu” kimi maraqlı materiallar da yer almışdır.