REGİONLAR
Azərbaycan qadını tarixin bütün dövrlərində qəhrəmanlıq və yenilməzlik rəmzi olub VİDEO
Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Beynəlxalq Qadınlar Günü geniş bayram proqramı ilə qeyd olunub. Tədbirdə Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, eləcə də veteran qadınlar iştirak ediblər. Xanımlara qızılgüllər və qiymətli hədiyyələr təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri ulu öndər Heydər Əliyevin qadına, anaya, milli mənəvi köklərə əsaslanan Azərbaycan ailəsinə verdiyi dəyəri əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Qeyd edilib ki, Azərbaycan qadını yüz illərdən bəri formalaşan milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olub. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai-siyasi həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Bu, onlara dövlət səviyyəsində göstərilən ehtiram və diqqətin bariz nümunəsidir.
Tədbirdə şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərman və hədiyyələr təqdim olunub.
Bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.
X X X
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik edərək xoş arzularını çatdırıb. Bildirilib ki, son illər birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyevanın timsalında Azərbaycan qadınının tam azad, fəal həyat tərzinə malik olduğu, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığı bütün dünyaya nümayiş etdirilir.
Vurğulanıb ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olub. Qadınlarımız öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlayır. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra onların ictimai-siyasi, mədəni həyatda daha fəal iştirakına şərait yaradılıb. Hazırda qadınlar dövlət quruculuğu işlərinə daha geniş cəlb olunurlar.
Tədbirdə bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanlar təqdim edilib.
Bayram tədbiri respublikanın incəsənət ustalarının konsert proqramı ilə yekunlaşıb.
X X X
Qubadlı Rayon İcra Hakimiyyəti Sumqayıt şəhərində yerləşən “28 May” Mədəniyyət Evində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təşkil edib.
Rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış edərək bildirib ki, mürəkkəb və kəşməkəşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı qazanıb. Eyni zamanda, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olub.
Qeyd edilib ki, Qubadlı qadınlarının dövlətə və dövlətçiliyə göstərdikləri xidmətlər Azərbaycan Prezidenti tərəfindən yüksək qiymətləndirilib, 4 nəfərə Əməkdar Müəllim fəxri adı verilib, 2 qadın isə “Tərəqqi” medalı ilə təltif olunub.
Ümummilli lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm istiqamət təşkil etdiyini bildirən natiqlər vurğulayıblar ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir rayon özfəaliyyət kollektivlərinin konsert proqrami ilə davam etdirilib.