REGİONLAR
Azərbaycan qadınının intibahında ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir
Naxçıvan, 4 may, AZƏRTAC
Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan qadınlarının cəmiyyətdəki rolu və fəallığının sürətlə artması dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan qadınına bəslədiyi hörmət və ehtiramdan qaynaqlanırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Azərbaycan qadınının intibahında Heydər Əliyev şəxsiyyətinin rolu” mövzusunda məruzə edib.
Bildirib ki, Azərbaycan qadınının intibahında, onun cəmiyyətin bütün sahələrində aktiv üzvə çevrilməsində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin anadan olmasından 93 il ötür. Ulu Öndərimizi həmişə xatırlamaq, siyasi uzaqgörənliyini gənc nəsillərə aşılamaq biz qadınların mənəvi borcudur. Çünki Azərbaycan qadınının inkişafı, dünya qadınları sırasında ön cərgələrdə dayanması, bugünkü yüksək pillədə qərar tutması Ulu Öndərimizin fəaliyyətinin nəticəsidir.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ölkəmizdə 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra qısa vaxt ərzində iqtisadi böhrandan çıxış yolları tapıldı və ölkədə yaranan ictimai-siyasi sabitlik dövlət siyasətinin bütün sahələri kimi, qadın hərəkatının inkişafına da güclü stimul verdi. Qadınlara hörmət və diqqət, onların cəmiyyətdəki statusunun və rolunun yüksəldilməsi, qanuni hüquq və maraqlarının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Həmin illərdə qadınların cəmiyyətdəki statusunun təmin olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Müvafiq hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı fəaliyyət qadınların ictimai və siyasi fəallıqlarının yüksəlməsinə, onların mənəvi və intellektual potensiallarının artırılmasına, sosial müdafiələrinin möhkəmləndirilməsinə təkan verdi.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmmədovanın “Heydər Əliyev və milli dəyərlərimiz” və Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədlinin “Yeni Azərbaycan Partiyasında qadınların təmsilçiliyi” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, Ümummilli Liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə muxtar respublikada uğurla həyata keçirilir. Heç şübhəsiz ki, muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Tam əminliklə demək olar ki, Heydər Əliyev siyasi kursu davam etdikcə Azərbaycan qadını yeni üfüqlərdə yeni hədəflərə doğru inamla irəliləyəcək, daha böyük uğurlara imza atacaq.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli film göstərilib, muzeyin ekspozisiyasına baxış olub.