İQTİSADİYYAT


Azərbaycan qanunvericiliyin təsirinin qiymətləndirilməsi məsələsinin inkişafında maraqlıdır

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA) dünyanın bütün inkişaf etmiş ölkələrində sınaqdan keçirilmiş üsuldur və Azərbaycanda bu məsələnin inkişafında maraqlıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatların təsirinin qiymətləndirilməsi sahəsində kadr hazırlığına töhfə vermək üçün sentyabrın 21-də "Qanunvericiliyin təsirinin qiymətləndirilməsi (RİA)" mövzusunda keçirilmiş seminarda deyib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, seminarın keçirilməsi bilavasitə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nizamnaməsindən irəli gələn vəzifədir. Hazırda ölkədə sürətli iqtisadi islahatlar aparılır. Ölkə yeni iqtisadi model qurur. Kadr hazırlığına çox böyük ehtiyac var. Kadr hazırlığının qarşılanması, xüsusən də qanunvericiliyinin təsirinin qiymətləndirilməsi sahəsində müvafiq kadrların olması üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bugünkü seminarı təşkil edib. Qanunvericiliyin təsirinin qiymətləndirilməsi dünyanın bütün inkişaf etmiş ölkələrində sınaqdan keçirilmiş üsuldur və Azərbaycanda da bu məsələnin inkişafında maraqlıyıq. Hesab edirik ki, qanunvericiliyin təsirinin qiymətləndirilməsi gələcəkdə qəbul ediləcək qərarların həm yerli biznes icmasına, həm beynəlxalq biznes ictimaiyyətinə təsiri, mesajların ötürülməsi məsələlərinə öz töhfəsini verəcək. Qanunvericiliyin təsirinin qiymətləndirilməsi bizə qəbul edilən qərarların biznesin inkişafına, investisiyaların cəlb edilməsinə, sosial sahəyə, ümumilikdə ölkənin biznes mühitinə nə dərəcədə öz təsirini göstərəcəyini əvvəlcədən bilməyə imkan verəcək.

"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roberts İnapss qeyd edib ki, JTI şirkəti Azərbaycan hökumətinə öz dəstəyini RİA çərçivəsində təqdim edir. RİA nizamlanma və tənzimləmə proseslərinin mükəmməlləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində atılan ən vacib addımlardan biridir. Birgə təşəbbüs nəticəsində bu addımlar daha mükəmməl olacaq. 2014-cü ildə də JTI şirkətinin dəstəyi ilə Azərbaycanda seminar təşkil olunub. Əminəm ki, JTI şirkəti ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə səyləri nəticəsində tənzimləmə prosesi daha da inkişaf etdiriləcək. Bu da həm biznesə, həm də cəmiyyətə öz töhfəsini verəcək.

RİA üzrə beynəlxalq səviyyədə tanınmış ekspert Çarlz-Henri Montin "Tənzimləmə siyasəti və idarəçilik", "RİA-nın hazırlanması mərhələlərinə nəzər", "Problemlərin, məqsədlərin və mümkün həll yollarının müəyyən edilməsi", "Avropa Komissiyasının "Tənzimləmənin təsirinin qiymətləndirilməsi" sxemi" və. s mövzularında təqdimatlarla çıxış edib.

İki gün davam edəcək seminarın sonunda iştirakçılar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və "Japan Tobacco" şirkətlər qrupunun təqdim etdiyi sertifikatlarla təltif olunacaqlar.

Qeyd edək ki, tənzimləmə siyasəti və idarəçilik məsələləri, Avropa Komissiyasında və digər ölkələrdə RİA sxemlərinin qiymətləndirilməsi və Azərbaycanda RİA sisteminin qurulmasına dair mövzulara həsr olunmuş bu seminar dövlət və biznes qurumlarının tənzimləmə və idarəçilik siyasəti üzrə yüksək vəzifəli rəsmiləri üçün nəzərdə tutulub. "Japan Tobacco" şirkətlər qrupunun üzvü və dünyanın aparıcı beynəlxalq tütün şirkəti olan JTI (Japan Tobacco International) seminarın keçirilməsinə ekspert dəstəyi verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.