İQTİSADİYYAT
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə yaradılan Dövlət Komissiyasının iclası keçirilib VİDEO
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar “Cənub” qaz dəhlizinin fəaliyyətini təmin etmək məqsədilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov “Cənub” qaz dəhlizi layihələrinin ölkəmizin regionla və Avropa ölkələri ilə iqtisadi inteqrasiyasında mühüm rolunu qeyd edib, layihələrin vaxtında icrasının vacibliyini vurğulayıb. Sonra “Şahdəniz” yatağının işlənilməsinin 2-ci mərhələsi və Cənubi Qafqaz Qaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin icrası ilə bağlı mövcud vəziyyət haqqında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qordon Birrelin, “TANAP Co”nun icraçı direktoru Saltuk Düzyolun və TAP şirkəti idarə heyətinin üzvü Zaur Qəhrəmanovun məlumatları dinlənilib.
Dövlət Komissiyasının üzvləri tərəfindən görülmüş işlərin ətraflı müzakirəsi aparılıb, müvafiq tövsiyələr verilib, “Şahdəniz-2” və Boru Kəməri layihələrinin paralel və qrafikə uyğun olaraq icra edilməsi istiqamətində tədbirlər müəyyən olunub.