İQTİSADİYYAT


Azərbaycan qida və sənaye məhsulları ilə Qazaxıstan bazarına çıxmaqda maraqlıdır

A+ A

Kokşetau, 8 noyabr, AZƏRTAC

Azərbaycanlı iş adamlarının Qazaxıstan Assosiasiyasının üzvləri ilə Akmola vilayətinin regional sahibkarlar palatasında görüş keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsində iş adamlarının imkanlarını araşdırmaq, eləcə də ölkəmizdə istehsal olunan məhsulların Qazaxıstanda təşviqini təşkil etməkdir.

Azərbaycan səfirliyinin müşaviri Ağacavid Ramazanov deyib ki, müzakirə olunacaq məsələlər arasında Akmola vilayətinin biznes imkanları, ölkəmizin ixrac potensialı, eləcə də turizm sahəsi əsas yer tutur. Azərbaycan MDB məkanını əsas ərzaq məhsulları ilə təmin edən ölkələr sırasında liderlik edir. İqtisadi inkişafın əsas amili kimi Aktauda Azərbaycanın investisiyası hesabına tikilən Logistika Mərkəzi Qərbi Qazaxıstanı qida məhsulları ilə təmin edir. Diplomat bildirib ki, ölkəmiz qida və sənaye məhsulları ilə Qazaxıstan bazarına çıxmaqda maraqlıdır.

Sonra Kokşetauda fəaliyyət göstərən distribüter şirkətlərinin nümayəndələrinin də qatıldığı “dəyirmi masa”da 400-dən artıq Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar haqqında videoçarx nümayiş olunub. Təqdim edilən görüntülərdə kənd təsərrüfatı və istixana kompleksləri, çay fabrikləri və ət emalı, kağızın yenidən emalı, şəkər, süd və digər məhsullar istehsal edən zavodlar, konserv müəssisələri qazaxıstanlı iş adamlarında Azərbaycan məhsullarının keyfiyyəti haqqında təəssüratlar yaradıb.

Azərbaycanın biznes-investisiya Assosiasiyasının vitse-prezidenti Gündüz Məmmədli bildirib ki, təqdim edilən şirkətlər öz məhsullarının Qazaxıstana ixrac edilməsinə hazırdır. Eyni zamanda, Akmola vilayətinin iş adamları istehsal üçün öz xammallarını, məhsulların ayrı-ayrı komponentlərini təklif edə bilər.

Qazaxıstan sahibkarlarına elektron kataloqlar paylanılıb, qarşılıqlı informasiya mübadiləsi haqqında qərarlar qəbul edilib. Azərbaycanın logistik imkanları haqqında informasiyalar qazaxıstanlı iş adamlarında böyük maraq oyadıb.

Görüşdə Azərbaycanın turizm imkanları da iş adamlarının diqqət mərkəzində olub. “Azal”ın Aktaudakı nümayəndəsi Zaur Qasımov ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib.

Akmola vilayəti ilə turizm əlaqələrinin genişləndirilməsi məsələsi də geniş müzakirə olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Kokşetau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.