SİYASƏT


Azərbaycan regional qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında barışdırıcı missiya həyata keçirir

Bakı, 17 fevral, Həsrət Mahmudova, AZƏRTAC

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun görüşünün Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin dünyanın güc mərkəzləri tərəfindən hörmətlə qarşılanmasının əyani təsdiqidir. Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın dostluq münasibətləri qurub, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini genişləndirib.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu fikirləri AZƏRTAC-a açıqlamasında bildirib. O deyib ki, bu görüş Azərbaycanın dünyada nüfuzlu ölkə olmasının, ona böyük hörmətlə yanaşılmasının, etimad göstərilməsinin təzahürüdür. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirib. Ölkəmiz regional qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Azərbaycan dünyanın əsas güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir, həm NATO, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Azərbaycanın balanslı xarici siyasəti, ölkədə mövcud olan sabitlik, təhlükəsizlik onu belə yüksək səviyyəli görüşlərin keçirilməsi üçün ideal məkana çevirib.

“Bu görüşün Azərbaycanda keçirilməsində ölkəmizdə olan ictimai-siyasi sabitlik, ABŞ və Rusiya ilə qarşılıqlı əməkdaşlığımız, Azərbaycanın güclü mövqeyi, dövlətimizin başçısının siyasi iradəsi və müstəqil siyasi kursu xüsusi əhəmiyyət daşıyır”, - deyə M.Seyidov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.