MƏDƏNİYYƏT


Azərbaycan ruhu “EFG London” caz festivalında

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Bu günlərdə “EFG London” caz festivalı çərçivəsində, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə “Pizza Express” caz klubunda keçirilən konsertdə məşhur azərbaycanlı pianoçu, caz ifaçısı Elçin Şirinov etno-caz musiqi janrında konsert proqramı ilə çıxış edib. 1969-cu ildə yaradılmış bu klub meqapolisin aparıcı caz məkanlarından biridir. Burada, müxtəlif illərdə və müxtəlif janrlarda Bad Friman, Benni Karter, Lyu Tabakkin, Con Dankvort, Dayana Krall və Cemi Kallum kimi dünya ulduzları öz məharətlərini nümayiş etdiriblər.

Azərbaycan xalq musiqisinin zəngin repertuarına müraciət edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur.

TEAS-dan AZƏRTAC-a bildiriblər ki, konsertdə E. Şirinovu onun musiqisinə və ifa tərzinə yaxşı bələd olan iki musiqiçi - italiyalı bas gitaraçı Andrea Di Bias və britaniyalı zərb ifaçısı Deyv Hamblett də müşayiət edib.

Konsertdə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın bu olsun” operettasından olan ariya qeyri-standart metrik formada ifa olunub. İfa zamanı E. Şirinov həm Hamblett, həm də Di Biasa mümkün qədər sərbəst şəkildə improvizasiya üçün yer ayırıb. Arxa fonda akkompaniator kimi ifanı mükəmməl tamamlayıb. Daha sonra zərurət yarandıqda, xüsusilə də Hamblett tempi artırandan sonra öz həyəcanlı improvizasiyası ilə ön plana çıxıb.

“Qız qalası” Şirinovun son kompozisiyalarından biridir. Bu əsəri yaradarkən, o, İçərişəhərin tarixi əzəmətindən ilham alıb. Nostalji hisslər oyadan bu parçadan Elçinin uşaqlığının ətri gəlir və şəhərin bu hissəsinin tarixdən gələn qədim səslərini xatırladır.

Qeyd edək ki, Şirinov, Di Bias və Hamblett caz triosunun hər bir ifası beynəlmiləl auditoriyanı heyrətə gətirir.

Caz gecəsi Azərbaycan xalq mahnısı olan sirli “Sarı Gəlin”in ifası ilə yekunlaşıb. Hamblettin təqdimatında əzəmətli və davamlı templə başlayan kədərli melodiya bütün auditoriyanı valeh edərək sanki ovsunlayıb.

Məşhur ABŞ zərb ifaçısı (əvvəllər Şik Korea və Rey Çarlzla birgə çıxış edib) Ceff Ballard konsert haqqında rəyini bu cür ifadə edib: “Ehtiraslı. Düşüncəli. Elçin Şirinovun orijinal kompozisiyalarını dinləmək olduqca maraqlıdır. Trionun virtuoz və ahəngdar ifası ipək kimi hamardır. Afərin!”

Qeyd edək ki, TEAS, həmçinin “Saint-Germain-des-Prés Paris” və “Reyms Sunnyside” caz festivallarına, eləcə də, Londonun “Spice of Life” və “Vortex” klublarında keçirilən konsertlərə də dəstək verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.