İQTİSADİYYAT


Azərbaycan rusiyalıları işgüzar turizmə dəvət edir VİDEO

A+ A

Moskva, 4 noyabr, AZƏRTAC

2015-ci ildə Rusiyadan Azərbaycana 600 minə yaxın turist səyahət edib. Bu ilin birinci yarısında isə Azərbaycana səyahət edən rusiyalı turistlərin sayı 320 minə çatıb. Bu, ötən ilin eyni vaxtı ilə müqayisədə 2,8 dəfə artım deməkdir.

Bu barədə AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “TOUR A VENT” layihəsinin rəhbəri İqor Şaulov bildirib. Bir ilə yaxın müddətdə fəaliyyət göstərən “TOUR A VENT” şirkətinin artıq səyahətsevərlər arasında etimad qazandığını deyən İ.Şaulov rusiyalıların daha çox həftəsonu turlarına, Naftalan, “Şahdağ”, “Tufandağ”, Şəki, İstisu kimi turizm istiqamətlərinə üstünlük verdiklərini vurğulayıb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada ilk turizm operatoru olan “TOUR A VENT” və Konqreslər Bürosu Moskvanın “Kalçuq Kempenski” otelində ölkəmizin turizm potensialının təbliğinə həsr olunan görüş təşkil ediblər. Görüş çərçivəsində Azərbaycanın MİCE (Meetings-Incentive-Conferences-Events) işgüzar turizm sənayesinin nümayəndələri Rusiyanın bu sahədə çalışan nüfuzlu təşkilat və vasitəçiləri ilə bir araya gəliblər. Tədbirdə Konqreslər Bürosunun “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel” və digər tərəfdaşlarının təmsilçiləri iştirak ediblər. Azərbaycanda səyyar konfranslar, simpoziumlar, intensiv proqramlar keçirməkdə maraqlı olan təşkilatların nümayəndələrinə ölkəmiz barədə ətraflı məlumat verilib.

Azərbaycan Konqreslər Bürosunun direktoru Anar Nərimanov çıxışında qeyd edib ki, belə tədbirlərin keçirilməsi Azərbaycanda işgüzar turizmin inkişafına dəstək olmaqla yanaşı, yerli turizm şirkətlərinin və mehmanxanaların işinin yaxşılaşdırılması, Rusiyadan olan turistlərin sayının artırılması və bunun sayəsində yerli iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətlidir.

Təqdimat zamanı Azərbaycanın işgüzar turizm sənayesi sahəsində böyük təcrübəyə malik olduğu, son illər respublikamızın “Eurovision”, birinci Avropa Oyunları, “Formula-1” yarışları, “Jara” musiqi festivalı kimi möhtəşəm tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın Moskvadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlığın sürətlə inkişafından danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə Fondun Rusiya nümayəndəliyinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən söz açıb. Diplomat Bakı Beynəlxalq Humanitar Forumu və VII Azərbaycan-Rusiya Regionlararası Forumu barədə məlumat verərək deyib: “Tədbirlərimizdə iştirak edən qonaqlar Azərbaycandan ən xoş təəssüratlarla qayıdıblar. Əminliklə deyə bilərik ki, qonaqpərvər Azərbaycana gələn hər kəs burada özünü rahat və təhlükəsiz hiss edir”.

Görüşün sonunda Azərbaycan xalq tətbiqi sənətinə dair ustad dərsləri keçirilib, pianoçu Riad Məmmədovun ifasında caz kompozisiyaları səsləndirilib, lotereya oyununun qaliblərinə Azərbaycana səyahət turları hədiyyə edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.