İQTİSADİYYAT
Azərbaycan sahibkarları Minskdə "Belteksleqprom. Payız-2016" sərgi-yarmarkasına dəvət alıblar
Bakı, 4 sentyabr, AZƏRTAC
Oktyabrın 26-29-da Minskdə yüngül və tekstil sənayesi məhsullarının topdan satışı üzrə beynəlxalq “Belteksleqprom. Payız-2016” sərgi-yarmarkası keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət alıblar. Tədbir Belarus Respublikasının Ticarət Nazirliyi, “Belleqprom” Dövlət Konserni və “Belekspo” Milli Sərgi Mərkəzi tərəfindən təşkil olunur.
Sərgidə bütün növ parçalar, toxunmuş geyimlər, paltarlar, ayaq geyimləri, ev tekstili, xəz və dəri məhsulları, baş qeyimləri, müxtəlif sap və iplər, aksessuarlar, yüngül sənaye və tekstil üçün xammal, müxtəlif növ avadanlıq nümayiş olunacaq.
Tədbir çərçivəsində xüsusi seminarların, aparıcı müəssisələrin rəhbərlərinin, media nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”ların, müxtəlif dəfilələrin keçirilməsi nəzərdə tutulub.