İDMAN
Azərbaycan şahmatçıları “Abu Dhabi 23rd International Chess Festival” turnirində uğurla çıxış ediblər
Bakı, 31 avqust, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində şahmat üzrə 23-cü ənənəvi açıq turnirə (“Abu Dhabi 23rd International Chess Festival”) yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Masters” yarışında dünyanın 54 ölkəsindən təxminən üçdə bir hissəsi qrossmeyster olmaqla 137 şahmatçı iştirak edib. Bu turnirdə rusiyalı Dmitri Andreykin qalib gəlib.
“Open” turnirində qələbə uğrunda 32 ölkəni təmsil edən 189 şahmatçı, o cümlədən FİDE-nin beynəlxalq adlarına layiq görülmüş 12 iştirakçı mübarizə aparırdı. Bu turnirdə Azərbaycan idmanının şərəfini Vüqar Manafov, Fərid Mustafayev, Sənan Xudiyev və Seymur Anjuta qoruyurdu. Fərid və Vüqar daha yaxşı nəticələr göstəriblər. 8 xal toplamış Vüqar Manafov 2-ci, aktivində 7 xal olan Fərid Mustafayev isə 3-cü yeri tutub. Sənan Xudiyev (6 xal) turniri 19-cu, Seymur Anjuta isə (5,5 xal) 27-ci yerdə başa vurub.
“Junior” qrupunda 18 ölkəni təmsil edən 150 oyunçu, o cümlədən FİDE-nin beynəlxalq adlarına layiq görülmüş 9 iştirakçı mükafatlar uğrunda mübarizə aparırdı. Bu qrupda Azərbaycanı Vüqar Manafov, Fərid Mustafayev, Nizami Rzayev, Sənan Xudiyev və Seymur Anjuta təmsil edirdi. Bu turnirdə Fərid Mustafayev (6,5 xal) 11-ci, Vüqar Manafov (5,5 xal) 47-ci, Nizami Rzayev (4,5 xal) 80-ci, Sənan Xudiyev (4 xal) 92-ci, Seymur Anjuta (3,5 xal) isə 113-cü yerlə kifayətlənməli olub.
İsveçrə sistemi üzrə keçirilən yarışlar 9 turdan ibarət olub. Turnirin mükafat fondu 36.000 dollar idi.