İDMAN
Azərbaycan şahmatçıları Avropa Klubları Kubokunda uğurlu start götürüblər
AZƏRTAC xəbər verir ki, Şəhriyar Məmmədyarovun başçılıq etdiyi “SOCAR Azerbaijan” klubu birinci turda İsveçdən olan rəqiblərinə (“SK Team Viking” klubuna) 5,5:0,5 hesabı ilə, ikinci turda Moskvanın “Naşe naslediye” kollektivinə 5:1 hesabı ilə qalib gəlib.
Yan Nepomnyaşşi Şəhriyar Məmmədyarova, Aleksandr Morozeviç Veselin Topalova, Aleksey Dreyev Maykl Adamsa, Daniil Dubov isə Teymur Rəcəbova uduzub. Boris Qraçov – Aniş Giri və Vladimir Potkin - Van Hao görüşləri heç-heçə başa çatıb.
Azərbaycanın ikinci komandası (“Odlar Yurdu”) birinci turda makedoniyalı rəqiblərinə (“Gambit Asseco SEE”) 5,5:0,5 hesabı ilə, ikinci turda isə Belçika idmançılarına (“KSK47-Eynatten”) 4:2 hesabı ilə qalib gəlib.
Açıq (kişilər arasında) Kubok yarışlarının üçüncü turunda “SOCAR Azerbaijan” Norveçin “Oslo Schakselskap” komandası ilə, “Odlar Yurdu” isə Almaniyanın “SG Solingen” klubu ilə qarşılaşacaq.
Beləliklə, iki turdan sonra dörd komanda xalı toplamış Azərbaycan şahmatçıları turnirin liderləridir.