İDMAN
Azərbaycan şahmatçıları Avropa çempionatında uğurla çıxış edirlər
Bakı, 30 iyun, AZƏRTAC
Konyada 7-17 yaşlı məktəblilər arasında keçirilən şahmat üzrə Avropa çempionatında 5-ci turun oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, 670 şahmatçının mübarizə apardığı çempionatda Azərbaycanı müxtəlif yaş qrupları üzrə 35 idmançı təmsil edir.
Beş turdan sonra 7 yaşlı oğlanlar arasında həmyerlimiz Emin Əhmədov 5 oyundan 5 xal toplayaraq liderlik edir. Nicat Mansurov isə 4 xalla 3-8-ci yerləri bölüşdürür. O, əlavə göstəricilərə görə 5-ci yerdədir. Eyni yaşlı qızların yarışında isə Qönçə Səfərova 4 xal toplayaraq ilk beşlikdə qərarlaşıb.
Doqquz yaşlı oğlanların çempionatında Süleyman Süleymanlı 4,5 xal toplayaraq 4-cü yerdədir. Alperen Kanlı və Sənan Xudiyev isə 4 xal toplayaraq 5-6-cı yerləri bölüşdürürlər. Fərhad Məmmədəliyev də 4 xal toplayaraq ilk onluqdadır.
Xəzər Babazadə 11 yaşlı oğlanların çempionatında 5 oyundan 5 xal toplayaraq vahid liderdir. Vüqar Manafov, Fərid Mustafayev, Altay Eynullayev və Atilla Eynullayev 4 xal toplayaraq 5-9-cu yerləri bölüşdürürlər.
Yarışda 13 yaşlı məktəblilərin mübarizəsində Kənan Qarayev liderdən yarım xal az toplayaraq 4,5 xalla ikinci pillədə qərarlaşıb. Həmin yaş qrupu üzrə qızların mübarizəsində Aytac Heydərova 4,5 xalla zirvənin yeganə sahibidir.
Səid Rəfili 15 yaşlı məktəblilər arasında aktivinə 3,5 xal yazaraq 5-ci yerdə qərarlaşıb. İradə Əhmədova 3,5 xalla eyni yaş qızlar arasında 3-5-ci yerləri bölüşdürür.
Çempionatda 17 yaşlı oğlanların yarışında Qulam Məmmədli 3 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilən çempionat iyulun 3-də başa çatacaq.