İDMAN
Azərbaycan şahmatçıları “Baku-open-2016” turnirinin liderlər qrupundadırlar
Bakı, 22 sentyabr, AZƏRTAC
Novxanıdakı “AF-Hotel” otelində şahmat üzrə beynəlxalq “Baku-open-2016” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, festivalın “A” qrupunda 4 turdan sonra hərəsi 3,5 xal toplamış Azərbaycan qrossmeysteri Nicat Abbasov, ukraynalı Stanislav Boqdanoviç, amerikalı Aleksandr Lenderman və rusiyalı Sənan Syuqirov liderlik edir. Yeddi oyunçu liderlərdən yarım xal geri qalır. Onların arasında Azərbaycan nümayəndələri Vüqar Rəsulov, Zaur Məmmədov, Misrəddin İsgəndərov və Ülvi Bacarani də var.
“B” qrupunda iki şahmatçı - Azərbaycan nümayəndəsi Orxan Babazadə və İran təmsilçisi Arya Omidi yüz faiz nəticə göstərib. 11 idmançının hərəsinin aktivində 3,5 xal var.
Xatırladaq ki, “A” qrupunda 9 ölkədən 52 şahmatçı, o cümlədən 18 qrossmeyster, “B” qrupunda 6 ölkədən 128 oyunçu iştirak edir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş turnir 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.
“Baku-open-2016” festivalının ümumi mükafat fondu 25 min dollardır.