SİYASƏT


Azərbaycan səfiri “Il Libero” qəzetinə müsahibəsində ölkəmizlə bağlı həqiqətləri İtaliya ictimaiyyətinin diqqətinə çatdırıb

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

İtaliyanın nüfuzlu “Il Libero” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin jurnalist Miska Rucceriyə verdiyi müsahibə dərc olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Jurnalistin “Papa Fransiskin Azərbaycana səfərini necə qiymətləndirirsiniz” sualını cavablandıran M.Əhmədzadə səfərin ölkəmizin multikonfessional ölkə kimi təsbit olunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanla Vatikan arasında ənənəvi sıx əlaqələrin mövcud olduğunu, hələ 2002-ci ildə Papa II İohann Pavelin ölkəmizə səfəri zamanı Azərbaycan hökumətinin Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayırdığını və hazırda burada fəaliyyət göstərən kilsənin ölkə katoliklərinin mərkəzi olduğunu qeyd edib. Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun katolik mədəni irsinin bərpası istiqamətində fəaliyyətinin Azərbaycanla Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Əhalisinin tam əksəriyyətini müsəlmanlar təşkil edən və azsaylı katolik icması olan Azərbaycanın multikulturalizm və multikonfessional model ölkə kimi təqdim edilməsinin nə ilə bağlı olması sualına cavabında M.Əhmədzadə bildirib ki, Azərbaycan tarixən multikonfessional, çoxmədəniyyətli və multietnik ölkə olub. Konstitusiyamızın etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin etdiyini vurğulayıb. O, ölkəmizdə ictimai və özəl həyatın bərabərlik prinsipinə əsaslandığını, müxtəlif dinlərin harmoniya içində mövcudluğunu, Bakı və əhalisi çox olan digər şəhərlərimizdə məscidlər, kilsələr və sinaqoqların fəaliyyət göstərdiyini, dövlət rəsmilərinin müxtəlif dini icmaların bayramlarında heç bir fərq qoymadan iştirak etdiyini söyləyib. Ölkəmizin bu xüsusiyyətlərə malik olmasını nəzərə alaraq cari ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

“Dini soyuq müharibə” kimi təqdim edilən Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına dair suala cavabında səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə kimi təqdim edilməsinin gülünc olduğunu, Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən bərpa edildiyini və orada erməni dilində 5 min kitabın saxlanıldığını deyib. Diplomat əlavə edib ki, Ermənistan bilərəkdən münaqişəni dini zəmində təqdim edərək xristian aləmində ictimai fikri öz tərəfinə çəkməyə çalışır. Bu münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzərində qurulduğunu, SSRİ-nin süqutu ilə Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal etdiyini, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, qaçqın və məcburi köçkünlərin ölkənin ümumi əhalisində faizinə görə Azərbaycanın dünyada birinci yerdə olduğunu söyləyib.

Münaqişənin törətdiyi yaraların nə vaxt sağalacağı ilə bağlı sualını cavablandıran səfir vurğulayıb ki, nə vaxta qədər azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmayacaqlar, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmayacaq, yaraların sağalması mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin tarixin ağrılı səhifələrindən olduğunu, 2017-ci ildə erməni vəhşiliyinin simvolu olan Xocalı soyqırımının anılmasının 25-ci ildönümünün qeyd ediləcəyini vurğulayan səfir bu soyqırımının acı nəticələri barədə məlumat verib. O, faciənin beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyini vurğulayıb.

Səfir Ermənistanın bu ilin aprelində Azərbaycana qarşı törətdiyi yeni hərbi təcavüz barədə məlumat verib, erməni tərəfinin ölkəmizə qarşı yalan və gülünc iddialarına cavab olaraq Ermənistan qoşunlarının tərkibində ASALA erməni terrorist təşkilatının üzvlərinin olduğunu, Azərbaycana qarşı erməni hərbi qüvvələrinin kimyəvi silahlardan istifadə etdiyini və ölkəmizin nüvə silahı ilə təhdid edildiyini bildirib.

Rəsmi Moskvanın son dövrlərdə vasitəçilik səylərini artırmasının münaqişənin həllinə töhfə verə biləcəyi sualına cavab olaraq M.Əhmədzadə bunun əlbəttə ki, sülh prosesinə kömək edə biləcəyini deyib, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu, lakin sülhün ancaq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxacağı təqdirdə mümkün olacağını vurğulayıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin yerinə yetirilməsi üçün dünya ictimaiyyətinin dəstəyinin vacibliyini vurğulayan diplomat Ermənistanın status-kvonun dəyişməli olduğunu qəbul etməsinin, danışıqlarda imitasiya etməyi dayandırmasının, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməsinin vaxtının gəlib çatdığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.