SİYASƏT
Azərbaycan səfiri İtaliyanın Puliya regionuna səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Səfər zamanı V.Sadıqov Puliyanın Andriya şəhərində yerli ictimaiyyətin və işgüzar dairələrin nümayəndələri ilə görüşüb.
Görüşdə Andriya şəhərinin meri Nikola Corcino çıxış edərək ölkəsinin sürətlə inkişaf edən Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Andriya şəhərində xüsusilə kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərdən söz açıb.
Səfir Azərbaycan və İtaliya arasındakı yüksək səviyyəli münasibətlərdən, iqtisadiyyatımızın prioritet inkişaf istiqamətlərindən bəhs edib. Bildirib ki, ölkələrimizin bir çox sahələrdə əməkdaşlıq etməsi üçün geniş imkanlar mövcuddur. Yerli iş adamlarını Azərbaycan bazarını araşdırmağa dəvət edən V.Sadıqov İtaliyanın kiçik və orta biznesinin ölkəmizdə təşviqinin məqsədəuyğun olduğunu vurğulayıb.
Səfər çərçivəsində səfir Puliya regionunun inzibati mərkəzi olan Bari şəhərində işgüzar dairələrin nümayəndələri ilə görüşüb. Tədbirdə Barinin sənayeçilər konfederasiyasının, ticarət və sənaye palatasının və digər işgüzar qurumlarının yüksək vəzifəli nümayəndələri, Azərbaycan ilə əməkdaşlığa maraq göstərən iş adamları iştirak ediblər.
V.Sadıqov Azərbaycanın iqtisadi inkişaf təmayülləri və perspektivləri, ölkələrimiz arasında iqtisadi əlaqələr və həyata keçirilən layihələr barədə geniş məlumat verib. Görüşdə kənd təsərrüfatı, inşaat sahələri, TAP layihəsinin əhəmiyyəti və Puliya üçün yaradacağı imkanlar barədə çoxsaylı suallar cavablandırılıb.
Səfir ilə Novoli, Quanyano və Leççe şəhərlərinin merləri arasında keçirilən görüşlərdə Azərbaycanın və İtaliyanın şəhərləri arasında əlaqələrin inkişafı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
V.Sadıqov Azərbaycan hökumətinin İtaliya regionları, o cümlədən Puliya ilə münasibətlərə böyük önəm verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, TAP layihəsinin reallaşması ilə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni mühit yaranacaq.
Leççe şəhərinin iş adamlarının iştirakı ilə keçirilən toplantıya da qatılan V.Sadıqov Azərbaycanın son illər sosial-iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və prioritet inkişaf sahələri ilə bağlı məlumat verib. Bildirib ki, ölkəmizdə qeyri-neft sektorunda yüksək texnologiyalara əsaslanan istehsalat sahələrinin yaradılmasına böyük önəm verilir.
Tədbirdə çıxış edən italiyalı nümayəndələr Azərbaycanı regional güc mərkəzi, sürətlə inkişaf edən iqtisadiyyata və qeyri-neft sektorunda geniş imkanlara malik ölkə kimi təqdim ediblər. Qeyd edilib ki, yerli iş adamları Azərbaycan bazarına dərin maraq göstərirlər. Bu baxımdan ölkələrimizin iş adamlarının qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir.
Toplantıda kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, dəb və geyim, memarlıq, dizayn, inşaat və digər sahələri təmsil edən xeyli sayda iş adamı iştirak edib.
Səfər çərçivəsində səfir, həmçinin Bari şəhərində keçirilən dünya çempionatında iştirak edən Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının üzvləri ilə görüşərək onlara yarışda uğurlar arzulayıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Puliya