SİYASƏT
Azərbaycan səfiri Qırğızıstan portalına müsahibəsində ölkəmizlə bağlı reallıqlardan danışıb
Bişkek, 21 noyabr, AZƏRTAC
Qırğızıstanın “Tazabek” portalı Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun müsahibəsini yayıb.
Müsahibədə səfir Azərbaycanın uğurlu iqtisadi inkişafı, Qırğızıstan ilə əməkdaşlığının inkişaf perspektivləri, iki ölkə arasında həyata keçirilən layihələr, investisiya imkanları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Bakı-Bişkek-Bakı aviareysinin açılması və digər məsələlərdən danışıb.
H.Orucov bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının payı 75 faizdən çoxdur.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə çoxsaylı iqtisadi islahatlar həyata keçirilir, neft və qaz sahəsinə dünyanın aparıcı energetika şirkətləri tərəfindən sərmayə qoyulmasına nail olunub. Beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları gələcəkdə ölkəmiz üçün əlavə imkanlar yaradacaq.
Diplomat diqqətə çatdırıb ki, beynəlxalq şirkətlər Azərbaycanın uğurlarını qəbul edir. Davos Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabətə davamlılıq üzrə 38-ci yerə layiq görülüb.
Azərbaycanda maliyyə vəziyyəti sabitdir, ölkədə işsizliyin və yoxsulluğun azaldılması sahəsində köklü işlər görülüb, yoxsulluğun səviyyəsi 5 faizə enib.
Səfir qeyd edib ki, bu ilin sentyabrında Azərbaycan “Cənub” qaz dəhlizi kimi böyük layihəyə start verib. Bu layihə Azərbaycanla Avropa dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradacaq.
H.Orucov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyünün bərpası mövqeyindən çıxış edir. Lakin Ermənistan qeyri-konstruktiv mövqe göstərərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir. Hərbi helikopterlə bağlı insident növbəti belə addımdır. Səfir həmin insidentə gətirib çıxaran hadisə haqqında məlumat verib. Bildirib ki, noyabrın 12-də cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus “Mi-24” tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Diplomat vurğulayıb ki, Azərbaycan düşmən qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması üçün hər vasitə ilə mübarizə aparacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek